Azərbaycan və Türkiyə arasında əməkdaşlıq artmaqdadır

20-02-2024, 11:27           
Azərbaycan və Türkiyə arasında əməkdaşlıq artmaqdadır
Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməi və genişlənməsində növbəti addım atılıb. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkilərindən sonra ilk rəsmi səfərini Türkiyəyə Prezidentinin dəvəti ilə bu ölkəyə edib.
İki lider mətbuata bəyanatında açıqlamalar verərkən Prezident Ərdoğan iki xalqın “Bir millət, iki dövlət” kimi çiyin-çiyinə hərəkət etdiyini bildirib. Prezident Əliyev Türkiyə barədə yüksək fikirlər səsləndirib, Türkiyənin dünyada söz sahibi dövlət olduğunu vurğulayıb. “Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Təbii ki, Azərbaycan Sizin uğurlarınıza öz uğurları kimi sevinir.”
Dövlətimizin başçısı Türkiyənin bu gün dünyadakı rolu vurğulayıb, İkinci Qarabağ müharibəsi dövründə qardaş ölkənin daim Azərbaycanın yanında olduğu, sülh yolu ilə həll olunmayan tarixi məsələnin savaş meydanında cəmi 44 gün ərzində həll edildiyi diqqətə çatdırılıb. Prezident İlham Əliyev bildirib ki, “2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarında əziz Qardaşımın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik”.
Eyni zamanda qeyd edilib ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcəkdir. “Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu gün bu məsələ ilə də bağlı geniş müzakirə aparılmışdır. Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü hörmətli Prezidentin qeyd etdiyi kimi, bu ilin iyul ayında keçiriləcəkdir. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək.”
Azərbaycan Prezidentinin “Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib” deməsi iki dost və qardaş dövlətlət arasındakı möhkəm əlaqələrin digər dövlətlərə üşün də nümunə olmasını göstərib. Prezidentlərin Ankaradakı görüşlərindən sonra iki ölkə arasında üç müqavilə imzalanıb. Birgə mətbuat konfransında çıxış edən Prezident Ərdoğan Ermənistan və Azərbaycan arasında daimi sülh üçün tarixi fürsət pəncərəsinin açıldığını, Prezident Əliyev isə “Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır” deyə bildiriblər”.
Prezident İlham Əliyev bəyanatında qeyd edib ki, “Hər dəfə Türkiyədə olarkən qardaş ölkədə gedən genişmiqyaslı inkişaf prosesini izləyirəm. Buna çox sevinirəm və bir daha görürəm ki, əziz Qardaşımın səyləri nəticəsində qardaş ölkə yeni zirvələri fəth edir”,
Qeyd edilməlidir ki, iki dost ölkənin birgə həyata keçirdiyi layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri ölkələrin sərhədlərindən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi bu gün 7,5 milyard dollar təşkil edir.
Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilib. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir. Həmçinin nəqliyyat sahəsində də uğurlar artıb. Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırması nəzərdə tutulub.
Digər sahələrdə də ölkələr arasında əməkdaşlıq münasibətləri artmaqdadır.


Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.