Azadlığına qovuşan Xocalı

27-02-2024, 15:38           
Azadlığına qovuşan Xocalı
Xalqımıza qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərin bir həlqəsi olan, tarixdə analoquna çox az rast gəlinən, antibəşəri mahiyyəti, faciənin miqyası, qəddarlığı və amansızlığı ilə xüsusi olaraq seçilən Xocalı soyqırımı tarixin utanc səhifələrindən birini təşkil edir.
1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. O dövrdə Xocalıda Ermənistandan, qonşu Xankəndidən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı, eləcə də 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də məskunlaşırdı. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərindəki keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Həmin gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Erməni cəlladları tərəfindən bir gecədə yerlə-yeksan edilən, xəritədən silinən Xocalının sağ qalan sakinləri zorakılıqdan qaçıb canlarını qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib. Bəşər tarixinin ən qəddar, dəhşətli və faicəli səhifələrindən olan Xocalı soyqırımının təşkilatçıları Ermənistanın ovaxtkı siyası rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motatıcı alayının şəxsi heyəti idi.
Azərbaycan xalqı və dövlətimiz Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü elan etdi. Ulu Öndər 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Fərman imzaladı.
Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçi-şovinistlərinin yüzillər ərzində Azərbaycan xalqına qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib. Ölkəmizin başçısı hər il bu dəhşətli faciənin qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyur, onların xatirəsini ehtiramla yad edir. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlər göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır.
Prezident İlham Əliyev fevralın 26-da Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki nitqində bildirib ki, Azərbaycanın bu ədaləti döyüş meydanında təmin etməsi beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur: “Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı”.
200 ilə qədər bir müddətdə cinayətkar erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardıqları etnik təmizləmə və soyqırım siyasətinin davamı olan, bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş Xocalı faciəsi heç zaman yaddaşlardan silinməyəcək. Şanlı Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə topraqlarımızı 30 illik işğaldan azad etdi. 2023-cü ildə lokal antiterror tədbirləri ilə Xocalı azadlığına qovuşdu.
Hazırda işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Həmin ərazilərdə bütün lazımı infrastrukturlar yaradılır, yollar çəkilir, evlər və sosial obyektlər tikilir. Ötən il sentyabrın 20-də Xocalı işğaldan tam azad edildikdən sonra ölkə başçısının tapşırıqlarına uyğun olaraq burada bərpa işlərinə başlanılıb. “Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb”-deyə cənab Prezident bildirib.


Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.