YAP tarixində mühüm hadisə olan qurultay

28-02-2024, 17:12           
YAP tarixində mühüm hadisə olan qurultay
Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII qurultayı istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. YAP-ın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxıldı. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxışı zamanı Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər saldı, qarşıda duran vəzifələri diqqətə çatdırdı, mühüm fikirlər səsləndirdi. Dövlətimizin başçısı qeyd etdi ki, partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Prezident İlham Əliyev onu da vurğuladı ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır: “Partiyamızın böyük ənənələri var. Qeyd olunduğu kimi, biz gələn il, partiyamızın 30 illik yubileyini keçirəcəyik. Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir”.
Ulu Öndər arzularının davamçısı
Azərbaycan Prezidenti İlham Əliyev YAP-nın VII qurultayında çıxışı zamanı onu da söyləyib ki, xalq Heydər Əliyevə inanırdı və Onun ətrafında sıx birləşmişdi: “Eyni zamanda, müstəqilliklə bağlı Ulu Öndərin birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi. O vaxt Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 Yanvar hadisələri hələ təzə-təzə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdi”.
Ən önəmli məsələlərdən biri Yeni Azərbaycan Partiyasının VII qurultayında altı siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsidir. Təbii ki, bu, ilk növbədə, Yeni Azərbaycan Partiyasının, sözün əsl mənasında, ümumxalq partiyası olduğunu və yüksək nüfuza malik aparıcı qüvvə kimi çıxış etdiyini göstərir. Digər tərəfdən, belə bir qərar, heç şübhəsiz, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək. Bu, həmçinin ölkədə siyasi birlik və milli həmrəylik mühitinin güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Yeri gəlmişkən, Prezident, partiyamızın Sədri cənab İlham Əliyev bəhs olunan çıxışı zamanı bu məqamlara toxunaraq “Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək.
Bu gün Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. Partiyamızın qarşısında duran əsas vəzifələrdən ən başlıcası ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, dünyanın qüdrətli dövlətləri sırasında öz yerini qorumaqdır.

Aysel Mənsimova - politoloq













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.