İşğaldan azad edilmiş ərazilərdə 10 min kvadratkilometr ərazi “yaşıl enerji” zonası elan edilib

2-03-2024, 13:19           
İşğaldan azad edilmiş ərazilərdə 10 min kvadratkilometr ərazi  “yaşıl enerji” zonası elan edilib
Azərbaycanın beynəlxalq toplantılara, forumlara, konfranslara, hətta idman yarışlarına yüksəksəviyyəli ev sahibliyi dünya tərəfindən hər zaman təqdir edilib. Əlbəttə ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin üzərinə böyük məsuliyyət qoyur. Ancaq bu sahədəki təcrübə yetərlidir ki, növbəti beynəlxalq konfransı da ən yüksək səviyyədə keçirə bilək.
Martın 1-də ölkəmiz növbəti mötəbər toplantıya ev sahibliyi edib. Bakıdakı “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Toplantıdakı çıxışında ölkə başçısı bir sıra mühüm məqamlara toxunub. Qeyd edilib ki, “Hesab edirəm ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur”.
Gələcək planların müzakirəsi zamanı qeyd edildi ki, Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Ölkənin bərpaolunan enerji layihələri yüksək göstəricilər nümayiş etdirir. Keçən ilin oktyabr ayında Azərbaycanda gücü 230 meqavat olan ilk böyük Günəş Elektrik Stansiyasının açılışı keçirilib. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək ölkəmizdə 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırılır.
Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olmaqla yanaşı, ölkədə bərpa olunan enerji mənbələrindən istifadə üçün də çox böyük potensial var. Ölkəmiz bu istiqamətdə inamlı addımlar atılır. Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan etmişdir. Artıq bu ərazilərdə bir neçə su-elektrik stansiyası inşa edilərək fəaliyyət göstərir.
Neft və qaz ehtiyatları ilə zəngin olan Azərbaycan son illər Avropaya “mavi yanacaq” ixracını genişləndirib. Ekspertlər qeyd edirlər ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və Avrasiyanın enerji xəritəsini formalaşdırır. Hazırda Azərbaycan qazının ixrac tədarükünün təxminən 50 faizi Avropa ölkələrinin payına düşür. Azərbaycanın İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstana qaz tədarükü üzrə müqavilələri var. Eyni zamanda, ölkəmizdən qaz almaq istəyən daha bir qrup ölkələr var. Dövlət başçımız çıxışında çox mühüm bir məsələyə də toxunaraq bildirdi ki, qaz layihələri anti-ənənəvi enerji yanaşmalarının kölgəsində qalmalı deyil. Azərbaycanın da yaşıl keçidə getdiyini diqqətə çatdıran dövlətimizin başçısı əlavə etdi ki, ənənəvi enerji mənbələri olmadan dünya növbəti illər ərzində inkişaf edə bilməz və heç kəs bu faktı yaddan çıxarmamalıdır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin edən ən etibarlı tərəfdaşlardan biri olaraq dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində aparıcı mövqe tutur. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən, Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyində danılmaz rola malikdir.
Qobal miqyasda cərəyan edən proseslər ətrafında fikir mübadiləsinin aparıldığı, hazırkı mürəkkəb böhranların aradan qaldırılması yollarının müzakirə edildiyi mötəbər platforma hesab edilən COP29 Azərbaycana həm də böyük dividendlər gətirəcək.
Bu səbəbdən də bu ilin noyabrında Bakıda keçiriləcək toplantıya hazırlıq işləri ilə bağlı ciddi göstəriş və tapşırıqlarını verən Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan bu beynəlxalq konfransı da yüksək səviyyədə keçirəcək. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək və dünyada hər kəs bir daha görəcək ki, ölkəmizin gündəliyi "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və dünya bazarlarına nəqli hazırda İlham Əliyevin enerji siyasətinin prioritetidir. Bakının qucaq açacağı COP29-da dünya buna bir daha şahidlik edəcək.
Ümumiyyətlə, Azərbaycan "yaşıl enerji" iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Buna misal olaraq, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.
Bir sözlə, COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biri olduğu üçün Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, "yaşıl iqtisadiyyat"ı nə dərəcədə prioritet sahə kimi gördüyünü dünyaya sübut edəcək. Bu sammit Azərbaycanın nüfuzunun daha da yüksəlməsinə mühüm təkan, ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa çatdırılmasına isə müsbət impuls verəcək.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.