“Euronews” televiziyası vasitəsi ilə verilən mesajlar
4-03-2024, 09:28
01 mart tarixində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası keçirilib.Bu iclasda bir sıra ölkələrin rəsmi nümayəndələri iştirak edib və iclas çərçivəsində yaşıl enerji ilə bağlı mühüm sənədlər imzalanmışdır.
Tədbir keçirilən zaman Azərbaycan Prezidenti cənab İlham Əliyev Avropada populyar olan “Euronews” televiziyasına müsahibə vermişdir. Müsahibə zamanı Prezident gələcəyə dair Cənub Qaz Dəhlizi və Yaşıl Enerji ilə bağlı bir sıra məsələrə toxunmuşdur. Belə ki, Prezident Cənub Qaz dəhlizinin uğurlarını, faydaları barədə ətraflı məlumat vermişdir.
Prezident qeyd etmişdir ki: “ Bilirsiniz ki, biz bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür.” Bəli, Prezidentin də dediyi kimi bir çoxları bunu reallıqdan uzaq layihə kimi düşünürdü. Amma bu gün bu dəhliz coğrafiyasına görə geniş ərazini əhatə edir. Hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və bir sıra ölkələri əhatə edir. Bu, region ölkələri və Avropannın enerji təhlükəsizliyi layihəsidir. Bununla ölkəmiz beynəlxalq qaz ixracatçısına çevrilmişdir. Cənub Qaz Dəhlizi uzunluğu 3500 kilometr olan layihədir. Və zamanla daha çox ölkələri əhatə edəcək, ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayacaqdır. Elə bu səbəbdəndir ki, bu gün Azərbaycan istər regionda, istərsə də Avropa ölkələrində mühüm yer tutur. Bu layihənin özünü doğrultmayacağına əmin olanlar, artıq ölkəmizlə hesablaşır. Təbii ki, bu da aparılan uğurlu siyasətin nəticəsidir.
Prezident müsahibəsi zamanı noyabr ayında Bakıda keçiriləcək COP29-la bağlı sualı da cavablandırmışdır. Cənab Prezident bildirib ki: “Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq”.
Burada bərpaolunan enerjiyə diqqət ayrılmışdır. Məlumdur ki, COP29 konfransı ölkə sayının, nümayəndə heyətinin iştirakına görə çox geniş konfransdır. Eyni zamanda burada əsas gündəlikdəki məsələ yaşıl enerji ilə bağlıdır. Bu məqsədlə, 2024-cü il Prezidentin Sərəncamına əsasən, “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bu da ölkəmizin bu sahəyə yüksək diqqət ayırdığının göstəricisidir. Belə ki, əsas məqsəd ətraf mühitin mühafizəsi, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, bir sözlə, təbii resurslardan səmərəli istifadədir.
Hazırda nəinki ölkəmizdə, dünyada iqlim dəyişikliklərinin fəsadlarını görürük. Bu, havanın həddindən artıq isti və ya soyuq olması, hektarlarla meşələrin yanaraq məhv olması, təbii su ehtiyatlarının azalması, dağlarda qarın azalması, ölkəmizdə Xəzər dənizi səviyyəsinin hər gün daha da azalması və digər bu kimi fəsadlar dünyamızın məhvinə səbəb olan amillərdir. Bu istiqamətdə qabaqlayıcı tədbirlər görülməsi şərtdir. Bu məqsədlə COP29 iqlim dəyişikliklərinin fəsadlarına həsr olunan konfrans olaraq, burada müxtəlif ölkələrin nümayəndələrilə birgə müzakirə aparılır, bu sahələr üzrə alimlərin, rəhbər şəxslərin fikrləri dinlənilir və hər hansı tədbirin görülməsi üçün öz töhfələrini verirlər. Prezidentin də dediyi kimi əsas diqqət bərpaolunan enerjinin reallaşdırılmasına hədəflənmişdir. Hətta 10 il ərzində bu enerjidən istifadə etməyi planlaşdırırıq. Bu çox uğurlu addımdır, qısa müddət ərzində ölkəmizin bu cür layihələri reallaşdırması yalnız ölkəmizə deyil, dünyaya verəcəyi töhfədir.
Prezident müsahibəsi zamanı bəzi mesajlarını da çatdırmışdır: “Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək”.
Bəli, bu gün Azərbaycanda görülən işlərin yüksək olması, insanların həyat tərzinin keçmişlə müqayisədə yüksəlməsi neft və qaz layihələrinin həyata keçirilməsilə bağlıdır. Eləcə də Azərbaycan bərpaolunan enerji, ətraf mühitin qorunması, ümumiyyətlə, ekologiyanın sağlamlaşdırılması yolunda mühüm layihələr həyata keçirir. Bu, layihələr yalnız sənədlər üzərində deyil, real olaraq da bu sahədə önəmli tədbirlər görülür.
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru