Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaşdır

18-03-2024, 09:56           
Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaşdır
Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəmizdə səfərdə oldu. Şübhəsiz, bu səfər iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə öz növbəti töhfəsini verəcək.
Gürcüstan ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Amma o illərdə iki ölkə arasındakı əlaqələr möhkəm deyildi. Azərbaycanda Heydər Əliyevin, Gürcüstanda isə Eduard Şevardnadzenin hakimiyyətə gəlmələrindən sonra bu əlaqələr yeni bir mərhələyə qədəm qoyub. Belə ki, 1995-ci ildə Bakıda Gürcüstan səfirliyi, 1996-cı ilin martında isə Tbilisidə Azərbay¬can səfirliyi açılıb. Gürcüstan ölkəmizdə Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan Əsrin müqaviləsinə və həyata keçirilən neft strategiyasına öz töhfəsini verib. Bu mənada ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edib.
Azərbaycanla Gürcüstan arasında bu siyasət sonrakı dövrlərdə də uğurla həyata keçirilib. Bu gün Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir və ildən-ilə bu əməkdaşlıq genişlənməkdədir. Bu mənada demək olar ki, Gürcüstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir.
Hazırda bu iki ölkə əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuata verdiyi bəyanatı da bunun bir daha təsdiq edir. Belə ki, “Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır” deyən dövlətimizin başçısı bildirib ki, birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq: “Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq”.
Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir: “Ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil”. Yaxın gələcəkdə bu ölkələrin sayının artacağını əminliklə qeyd edən dövlətimizin başçısı, həmçinin bildirib ki, bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir: “Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir”.
Bütün bunlarla yanaşı, iki ölkə yeni layihələr üzərində də işləyir. Onlardan biri yaşıl enerji layihəsidir: “Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır. Hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Buna da böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və biz hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırıq. Hesab edirəm ki, ilin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaqdır”.
Qeyd edək ki, iki ölkə arasında ticarət dövriyyəsi artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb. Azərbaycan Gürcüstanın ilk beşlikdə yer alan ticarət tərəfdaşıdır, bu rəqəmlər getdikcə artacaq Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Prezidentin qeyd etdiyi kimi, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur.
Dövlətimizin başçısı Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Qeyd edək ki, Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi var. BMT Baş Assambleyasının 2020-ci (3 sentyabr), 2021-ci (17 iyun) və 2022-ci ildə (8 iyun) keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycan sözügedən sənədin lehinə səs verib. Gürcüstan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı qonşuluq strategiyası bu gün Prezident İlham Əliyevin sayəsində Gürcüstan və Azərbaycanın timsalında bir örnəyə çevrilib. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.