Milli birliyimizin simvolu olan Novruz Bayramı

19-03-2024, 16:48           
Milli birliyimizin simvolu olan Novruz Bayramı
Dünya mədəniyyət tarixində barış və həmrəylik məqamı olaraq tanınan Novruz ən qədim bayram kimi min illərdən çoxdur ki, xalqımız tərəfindən sevgi və coşqu ilə qeyd olunur. Azərbaycanda kütləvi şəkildə ümumxalq bayramı kimi keçirilən Novruz şənlikləri hər şeydən öncə həyat tərzimiz, milli birliyimizin, dünyaya sülh və əmniyyət çağırışımızın simvoludur. Köhnəliyə əlvida, yeniliyə doğru qapı açan Novruz küsülüləri barışıdırır, evlərə sevinc, insanlara təbəssüm, mehribanlıq bəxş edir. Təbiətin oyanışının rəmzi sayılan Novruzun atributu olan səməni bayrama bayram qatır.
Novruz sıradan bir bayram deyil. Novruz xalqımız tərəfindən dünyaya təqdim olunan sülh, xeyir-bərəkət və humanizmə xidmət edən bəşəri mərasimdir. Novruz həm də arzuların, duaların dilə gətirildiyi bayramdır.
Uzun illər xalqımız bu bayram günlərində işğal altında olan torpaqlarımızın azadlığını, bayram şənliklərini öz doğma yurd yuvalarında keçirməyi arzulamışdır. Xalqımızın gücü, dövlətimizin qüdrəti nəhayət ki, bu arzunu gerçəkləşdirdi.
30 ildən sonra ilk dəfə olaraq martın 18-də Xankəndidə tarixi qələbəmizin memarı Prezident İlham Əliyev tərəfindən Novruz tonqalı alovlandı. Xankəndidəki bayram tonqalı həm dövlətimizin bütövlüyünün, həm də xalqımızın dünyaya Novruzun mahiyyətindən irəli gələn işıq və sülhün bəyanı idi. Prezident çıxışında qədim Xankəndinin tarixi haqda dəqiq faktlarla danışaraq dünyaya bu qədim yurd yerimizin Azərbaycan şəhəri olduğunu sübut etdi. Regionun lider dövlətinin rəhbəri kimi Novruz bayramı münasibətilə Xankəndidən xalqa ünvanlanan təbrik hər bir vətəndaş üçün böyük sevinc və xoşbəxtlik təntənəsinə çevrildi.
Bir zamanlar göz yaşı, niskillə baxdığımız və gəzmək, yaşamaq xəyalı qurduğumuz Xankəndidə bu gün Azərbaycan bayrağı dalğalanır və qalib xalqın qalib lideri burada Novruz tonqalını alovlandırır, xalqı təbrik edir!
Azərbaycanlı olmağın böyüklüyünü, qüdrətini, qürurunu yaşayan xalqımız tarixində ilk dəfə olaraq bütövləşən Azərbaycanın hər yerində səməni ətirli bayram əhval-ruhiyyəsində, sevinc içində el şənlikləri keçirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu il Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır.
Yurdumuza bahar gəlir. Milli dərdlərini, problemlərini tam həll etmiş Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq Novruz bayramını niskilsiz, sevinc və qürurla keçirir.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.