Azad Qarabağda bayram tonqalları qalanır

21-03-2024, 15:44           
Azad Qarabağda bayram tonqalları qalanır
“Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq.” Bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib. 2021-ci ildən ardıcıl olaraq Şuşa,Suqovuşan, Talış kəndində bayram tonqallarını qalayan Prezident İlham Əliyev bu ilki bayram tonqalını qədim Azərbaycan torpağı olan Xankəndində yandırdı və Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik etdi.
Novruz bayramı münasibətilə xalqımıza təbrikində Prezident İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayaraq, Pənahəli xan tərəfindən salındığını bildirdi və qeyd etdi ki, Xankəndi sovet dövründə Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir.
Dövlətimizin başçısı Azərbaycan xalqının və Şanlı Ordumuzun İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı böyük qəhrəmanlıq göstərdiyini söyləyərək, Allahdan bütün şəhidlərimizə rəhmət diləyərək əlavə etdi ki, şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır.
Prezident İlham Əliyev Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilməsi ilə bağlı çıxışında bunları qeyd etdi. “Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “Zəfər meydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır”
Daha sonra Prezident İlham Əliyev bu fikirləri vurğuladı, “Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq”
Könül Əfəndiyeva – YAP üzvü













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.