Azərbaycan-Konqo əməkdaşlığının perspektivləri
5-04-2024, 11:59
Azərbaycanın dünya birliyindəki əlaqələri daha da genişlənir, mövqeyi möhkəmlənir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bütün beynəlxalq qurumlarla açıq, konstruktiv, bərabərhüquqlu əməkdaşlığa üstünlük verib. Azərbaycan Prezidenti İlham Əliyevin 20 illik rəhbərliyi dövründə bu istiqamətdə uğurlu və ardıcıl addımlar atılıb. Məhz bunun nəticəsidir ki, ötən illər ərzində Azərbaycan, demək olar ki, bütün beynəlxalq və regional qurumlarda təmsil olunur. Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və dövlətimizin başçısının bütün səyləri regionun inkişafına, sabitliyin qorunub saxlanılmasına yönəlib.
Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə səfəri Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlığının daha bir göstəricisidir. Bu gün Azərbaycan ilə Konqo Respublikası arasında siyasi, sosial-iqtisadi, hərbi və digər sahələrdə ikitərəfli diplomatik münasibətlər mövcuddur. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mövcud münasibətlərin davamlığına əsaslanır. Hər iki dövlətin prezidentləri tərəfindən "Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə" imzalanıbdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxışlarında dövlət başçımız əməkdaşlıq haqqında imzalanan Bəyannamənin çox önəmli və sanballı bir sənəd olduğunu bildirib və bunun əməkdaşlığı perspektivlərini müəyyən edəcəyini diqqətə çəkib: "Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır.
Bu gün həm təkbətək görüş əsnasında, həm də ki, heyətlərin iştirakı ilə görüşdə bir çox önəmli məsələlər müzakirə olundu, fikir birliyi ifadə edildi. Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir.
Səfər çərçivəsində eyni zamanda, təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq imkanlarını da müzakirə edilib. Konqodan olan tələbələrin Azərbaycanın müxtəlif ali təhsil ocaqlarında təhsil alması kimi sovet dövründə mövcud olan ənənələrin davam etdirilməsi nəzərdə tutulub və bununla əlaqədar ölkə başçısı tərəfindən müvafiq göstərişlər verilib.
Ölkələr arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq mövcuddur. Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşdə söylədiyi kimi, "Səfəriniz gələcək əməkdaşlığımıza da çox müsbət təsir göstərəcəkdir". Əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamikanın yaranacaqdır
Səfər çərçivəsində iqtisadi sahədə də əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. "Bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var", - deyən dövlətimizin başçısı bildirib ki, bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar.
Karbohidrogen, kənd təsərrüfatı, mədənçilik, informasiya, bərpaolunan enerji sahələrində iki ölkənin mühüm potensialı vardır. Ölkələrimiz arasında qeyd olunan bütün sektorlarda əməkdaşlıq üçün imkanlar vardır.
Azərbaycanın bu il COP29-a ev sahibliyi edəcək. Azərbaycan COP29-a hazırlıq çərçivəsində məsuliyyətlə addımlar atır. "Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər" – deyə Prezident bildirib.
Cənab Prezident bu səfəri tarixi səfər kimi dəyərləndirib və qeyd edib ki, sadəcə, ilk səfər kimi deyil, məzmun, mahiyyət nöqteyi-nəzərindən də bu səfəri tarixi səfər adlandırmaq olar: "Ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır. Biz öz siyasi iradəmizi ortaya qoymuşuq və əminəm ki, əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq".
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor