Tibb elminə həsr olunmuş ömür

15-04-2024, 18:08           
Tibb elminə həsr olunmuş ömür
Aprelin 15-də dünya şöhrətli alim-oftalmoloq Zərifə xanım Əliyevanın, əbədiyyətə qovuşmasından 39 il ötür. Görkəmli alimin 62 illik parlaq ömür yolu bu təqvim çərçivəsinə sığmayaraq xeyirxah əməlləri sayəsində ölməzlik qazanmışdır.
Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir.
Akademik Zərifə xanım Əliyeva mənalı və zəngin həyat yolu keçmişdir. O, qədim Naxçıvan diyarında, Şahtaxtı kəndində, görkəmli alim və siyasi xadim Əziz Əliyevin ocağında dünyaya göz açmışdır. Uşaqlıq və ilk gənclik illəri Şahtaxtıda keçən Zərifə Əliyeva bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən faydalanmışdır. Zərifə xanım 1942-ci ildə Bakı şəhərində orta məktəbi bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra oftalmoloq ixtisasını seçmişdi. Sonra Moskvaya getmiş və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olmuş, praktik vərdişlərə yiyələnmiş, oftalmoloq ixtisası üzrə mütəxəssis kimi təkmilləşmiş, iki ildən sonra Vətənə qayıtmışdır. 1949-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Bununla da onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin təməli qoyulmuşdur. O, fəaliyyət göstərdiyi Göz Xəstəlikləri İnstitutunun aspiranturasına daxil olmuş, elmi axtarışları dövründə özünə rahat yollar seçməyərək Vətənə, xalqa xeyir verə biləcək ən çətin sahələrdə əzm və iradə ilə çalışmışdır.
Ötən əsrin ortalarında Azərbaycanda traxoma xəstəliyi ocaqları genişlənir, ən çox uşaq müəssisələrini, məktəbləri əhatə edirdi. 1948-ci ildə Naxçıvan Muxtar Respublikasında 7 min nəfər traxomaya yoluxmuşdu. Onlardan 2 mindən çoxu uşaqlar idi. Yaşlıları, o cümlədən uşaqları görmə qabiliyyətinin itirilməsi kimi əzablı dövr gözləyirdi. Belə bir acınacaqlı vəziyyət tək Naxçıvan Muxtar Respublikasında yox, bütün Azərbaycanda ciddi həyəcan siqnalının çalınmasına əsas yaratmışdı. Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsilini başa vuran gənc həkim Zərifə xanım Əliyeva 1949-cu ildə Naxçıvanda traxomaya qarşı mübarizəyə həsr edilmiş səyyar seminarlarda iştirak etmiş, bu sahədə əldə etdiyi elmi və praktik nailiyyətlərin tətbiqinə nail olmuşdu. Gənc alim 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi. Həmin illərdə Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi vəzifəsində çalışan Zərifə xanım 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur.
Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdi. Alim-oftalmoloqların yüksək qiymətini almış dissertasiya işi oftalmologiyanın bu sahəsində ozamankı Sovetlər Birliyi məkanında ilk işlərdən idi.
1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmiş və o, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilmişdir. Çətinliklərdən qorxmayan, hər zaman ən mürəkkəb problemlərin həllinə cəhd göstərən görkəmli alim tədqiqatlarını rahat kabinetlərdə aparmırdı. O, Azərbaycanın rayonlarını kəndbəkənd gəzir, insanları maarifləndirirdi. O vaxtlar Zərifə xanım Əliyevaya dünya şöhrəti gətirən görmə orqanının fiziologiyası və peşə patologiyası laboratoriyası Elmi-Tədqiqat İnstitutunda yox, məhz istehsal müəssisəsində – Bakı Məişət Kondisionerləri Zavodunda yaradılmışdı. Zərifə xanım Əliyeva 1982-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri olmuş, 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrin səhiyyə praktikasında geniş tətbiqinə, yüksəkixtisaslı tibbi kadrların hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərə görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, Azərbaycan oftalmoloqları arasında Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alimdir.
Zərifə xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev demişdir: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.