Dörd kəndin qaytarılması ölkəmiin növbəti diplomatik uğurudur

23-04-2024, 09:35           
Dörd kəndin qaytarılması ölkəmiin növbəti diplomatik uğurudur
Azərbaycan ilə Ermənistan arasında İkinci Qarabağ müharibəsindən sonra baş verən proseslər fonunda Cənubi Qafqazda siyasi cəhətdən mürəkkəb vəziyyət yarandı. Müharibəni uduzan Ermənistan regionda revanşist mövqe sərgiləməyə çalışdı. Ancaq Ermənistan Azərbaycan dövlətindən siyasi, iqtisadi, hərbi cəhətdən geridə qalmış vəziyyətdə idi. Azərbaycanın regionun lider dövlətinə çevrilməsi faktını Ermənistan hökuməti dərk etməyə başladı. Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etməsindən sonra Qazaxın 4 kəndinin qaytarılması haqqında da razılaşma əldə olundu. Bu, Prezident İlham Əliyev başda olmaqla Azərbaycan diplomatiyasının növbəti uğurudur.
Ermənistan baş naziri Nikol Paşinyanın Tavuş rayonuna səfərini və erməni cəmiyyəti ilə tez-tez ünsiyyətdə olmasını məhz daxili auditoriyanın sakitləşdirilməsi məqsədi daşıyıb. Aprelin 19-da keçirilmiş Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın səkkizinci görüşündə əldə edilmiş razılığa əsasən mayın 15-dək 4 kəndin qaytarılması prosesi başa çatmalıdır. 2023-cü ilin sentyabrında baş verən antiterror tədbirlərindən sonra Azərbaycanın əsas məqsədi Qazaxın işğal altında olan 7 kəndi və Naxçıvanın Kərki kəndinin geri qaytarmaq idi. Bundan başqa, Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi aparılmalıdır. Təbii ki, 30 ildən çox davam edən və müharibə ilə nəticələnən münaqişədən sonra qalan problemlərin həlli tez bir zamanda həlli vaxt edir. Lakin Azərbaycan ilə Ermənistan arasında siyasi danışıqlara böyük dövlətlər qarışmasa və ya İrəvana təzyiq göstərilməsə məsələlərin həlli prosesi daha da sürətlənər. Qazaxın dörd kəndinin qaytarılması iki dövlət arasında münasibətlərdə mütərəqqi hal kimi qiymətləndirilməlidir.
Azərbaycanın əldə etdiyi bu uğur Zəngəzur dəhlizinin açılması prosesi ilə bağlı danışıqları da sürətləndirəcək. O qeyd edib ki, Ermənistanın iqtisadi inkişafı Azərbaycan ilə sülh müqaviləsinin bağlanmasından asılıdır.
Sülh müqaviləsindən əvvəl Azərbaycan ilə Ermənistan arasında çərçivə sazişi imzalana bilər. Bunun üçün Ermənistan tərəfi siyasi iradə nümayiş etdirməlidir. Çərçivə sazişi sülh müqaviləsinə aparan mühüm sənəddir. Antiterror tədbirlərindən sonra Ermənistan Fransa tərəfindən müntəzəm olaraq silahlandırılır. Düzdür, bu silahlar öz təyinatına görə güclü olmasa da, prosesin özü region üçün mənfi haldır. Hazırda Ermənistan uğrunda Avropa İttifaqının başda Fransa olmaqla Rusiya ilə mübarizəsi gedir. Avropa İttifaqı Gümrü bazasını və sərhədləri qoruyan rus hərbçilərini oradan çıxarmaq üçün Ermənistan hökumətindən dəstək gözləyir. Regionda Azərbaycan ilə Ermənistan arasında sülhü istəməyən qüvvələr silahlı münaqişənin yaranmasına çoxsaylı cəhdlər göstərirdilər. Ancaq bu baş vermədi. Sərhəddə müxtəlif təxribatlar törədildi, mediada spekulyasiyalarla dolu informasiyalar yayıldı. Bu baxımdan Qazaxın dörd kəndinin qaytarılması ilə bağlı razılığın əldə olunması Azərbaycan dövlətinin və xalqının uğurudur. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düzgün siyasi kurs və prinsipiallıq nəticəsində biz diplomatik müstəvidə əldə edilmiş uğurların şahidi oluruq. Əminliklə söyləmək olar ki, zaman keçdikcə Azərbaycan daha da praqmatik siyasi gedişlər edəcək.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.