Azərbaycan-Belarus münasibətləri başqa ölkələr üçün nümunədir
17-05-2024, 16:20
Azərbaycan-Belarus münasibətləri sıx qardaşlıq və mehriban qonşuluq münasibətlərinə söykənir. Fərqli regionlarda yerləşməsinə baxmayaraq hər iki ölkə bir-birinin milli maraqlarına hörmətlə yanaşır. Eyni zamanda, bu iki dövlət birgə əməkdaşlıq sahələrini uğurla uyğunlaşdıra bilirlər. Ölkələrimiz bir-birinin suverenliyini beynəlxalq aləmdə müdafiə edir.
Azərbaycan-Belarus münasibətləri möhkəm dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Belorus və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir. Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi sayılsa da, ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyini dəstəkləyib.
Belarus bütün tarix boyu Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Ermənistanı isə bizə qarşı ərazi iddialarından əl çəkməyə çağırıb. Azərbaycan isə Belarusun daxili işlərinə qarışmağın yolverilməzliyini dəfələrlə bəyan edib və bu istiqamətdə öz siyasətini formalaşdırıb. İki ölkə arasında çox sıx iqtisadi əlaqələr var. Bir çox sahələr üzrə birgə layihələrimiz fəaliyyət göstərir.
Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Rəsmi qarşılanma mərasimindən sonra hər iki dövlət başçısının təkbətək və geniş tərkibdə görüşləri keçirilib.
Belarus dövlət başçısı Aleksandr Lukaşenkonun Azərbaycana səfəri bütün sahələr üzrə əməkdaşlığı yenidən nəzərdən keçirməyə, əməkdaşlığın yeni formasını tapmağa, birgə iqtisadi layihələr həyata keçirməyə imkan verəcək. Azərbaycan-Belarus münasibətləri başqa ölkələr üçün də nümunədir.
Prezident İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşdə deyib: “Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur”. Dövlətimizin başçısı bildirib ki, bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası