Kütlə Lənkəranskini canındakı qorxuya görə sevirdi - Tanınmış yazarlar "oğru” aləmi haqqında elə danışdılar ki...
27-08-2016, 17:20
"Qanuni oğru” Rövşən Caniyevin (Lənkəranski) öldürülməsinin üzərindən bir həftədən artıq vaxt keçsə də, hadisə hələ də medianın gündəmindən düşməyib. Sosial şəbəkələrdə, küçələrdə və ictimai nəqliyyatda, o cümlədən media qurumlarında aparılan yeganə müzakirə mövzusu Rövşən Lənkəranskinin qətlidir. Şou-biznes nümayəndələrindən tutmuş, millət vəkillərinə qədər az qala hər bir Azərbaycan vətəndaşı məşhur avtoritet haqqında jurnalistlərə açıqlama verib, onun ölümündən ürək ağrısı ilə söz açıblar.
Hələ sosial şəbəkələrdə Lənkəranski haqqında yazılan statusları, az qala feysbuk istifadəçilərinin yarısının öz profillərinə mərhumun fotolarını yerləşdirməsini demirik. Deyilənə görə, mərhumun ölümünün bu qədər diqqət mərkəzində olması onun ədalət carçısı kimi tanınmasıdır. Adındakı bənzərlik səbəbindən "ikinci Koroğlu” ləqəbi verilən bu avtoritet yaşadığı müddət ərzində Lənkəranski yoxsul insanlara əl tutub, evlənmək istəyən yoxsul gənclərə maddi köməklik göstərib. Rövşən Lənkəranskinin cənazəsi İstanbuldan ölkəyə gətiriləndə və hava limanında yaşanan izdiham göstərdi ki, insanlar ya ədəbi, ya da real olaraq yaratdığı qəhrəmanını sevir.
"Qanuni oğru”ya qarşı bu münasibət və onun bir qəhrəmana layiq şəkildə dəfn edilməsi ölkənin intellektual kəsimini narahat etsə də, onlar Rövşən Lənkəranskiyə qarşı bu sevginin səmimi olduğuna şübhə etmirlər. Bu yanaşmanı da onunla izah edirlər ki, bir başqasının hünərimizin çatmadığı şeyi rahatlıqla etdiyini görəndə bizdə ona qarşı gizli rəğbət formalaşır. Mərhum Caniyev sevgisinin kökündə də bir az bu kimi məsələlər dayanır. Yəni xalq "oğru”nu, "vor”u, "bandit”i deyil, məhz Caniyevi sevir, bu xüsusi sevgiyə özü üçün haqlı səbəbləri də var. Xalq "oğru”nu sevə bilməz, həm də buna görə ki, xalq yaxşı bilir ki, onların şiddətlə sevdiyi Caniyevi öldürən də başqa bir kütlə tərəfindən şiddətlə sevilən onun kimi bir "oğru”dur.
Rövşənin xeyirxah birisi olmasına, xalqına yardım etməsinə şübhə etmirik, amma kriminal avtoritetin qəhrəmana çevrilməsi nə dərəcədə doğrudur? O, nə xalq şairi, nə akademik nə də siyasi xadim deyil. Sadəcə kriminal avtoritetdir. Bəs onda niyə belə diqqət mərkəzindədir?
Şair Aqşin Yeniseyin sözlərinə görə, bu gün Türkiyədə Ərdoğançılar FETÖ-çüləri həbsxanalara doldurduğu kimi, vaxtilə bolşeviklər də menşevikləri həbsxanalara doldurmuşdular və Stalin içəridəki menşeviklərə nəzarət etmək üçün "Qanuni oğru” statusunu yaratmışdı: "Yəni bu adamlar haqq-ədalətin yox, idarəetmə mexanizminin tərkib həssəsidir. Onlara sevgi bizim xalqın alverə, bazara sevgisindən irəli gəlir. Rusiyada bazarlar, aşağı təbəqənin, miqratların kütləvi alver mərkəzləri bu adamların əli ilə idarə olunur. Bizim xalq da çörəyini daha çox bazardan, alverdən çıxardığı üçün bazar dəyərləri onun üçün müqəddəsdir. Bu müqəddəsliyin avtoritetləri də kriminal dəstlərə rəhbərlik edən "qanuni oğru”lardır xalq bazarlarda dərdini onlara deyə bilir. Bu çox səmimi sevgidir. Xalqı qınamaq olmaz. Və nə qədər ki, Azərbaycan xalqı elm, incəsənət, texnologiya xalqı olmayacaq həmişə özünə rövşənlər yetişdirəcək. Onun başqa əlacı da yoxdur. Amma bütün hallarda xalqı oğrusevərliyə düçar edən bütün səbəblərə qarşı olmalıyıq, mübarizə aparmalıyıq”.
Rövşən aşağılanan, təhqir olunan, "ikinci sort” millət müamiləsi görənlərin qəhrəmanı idi
Yazar Cəlil Cavanşir də medianın "qanuni oğru”nu qəhrəmana çevirməsinin və onun ölümünün bu dərəcədə gündəmdə saxlanılmasının yanlış olduğunu deyib: "Fakt kriminal avtoritetin, sözün bütün mənalarında cinayətkarın qətlə yetirilməsidir. Və faktın bu qədər səs-küylə təqdim edilməsi, kriminal avtoritetin qəhrəmana çevrilməsi utancvericidir. Rövşən aşağılanan, təhqir olunan, "ikinci sort” millət müamiləsi görənlərin qəhrəmanı idi. Rövşən kriminal qruplaşmanı, dolayısı ilə qatillər, oğrular, canilər dünyasını idarə edirdi. Heç kəsə sirr deyil ki, o göyərti bazarlarında çalışan azərbaycanlılara təmənnasız dəstək olmayıb. O, qorxu, ölüm, cinayət aləminin adamı idi. Birmənalı olaraq cinayətkar idi. Bəli, ondan qorxurdular. Onun nüfuzu sayəsində minlər, onminlər, yüzminlər övladı üçün bir tikə çörək qazanırdı, həm də buna görə ona pul verirdi. Malından, canından, mülkündən qorxusu olanlar onu sevirdi. Ona sevginin içində bir mənfəətpərəstlik vardı. Şəxsən mən onun yaxşı oğlan, xeyirxah dost olmasına, xalqına yardım etməsinə şübhə etmirəm. Hansı yollarla qazandıqlarından kimlərəsə yardım edə bilərdi. Deyirlər ki, Rövşən qoçaq, cəsarətli, ədalətli idi. Olsun, ancaq bütün bunlar onun kriminal mühitdə olmasına, qətllər törətməsinə, cinayətkar olmasına haqq qazandırmır”.
- Bəs, sizcə bu sevgi səmimidir, yoxsa insanlar küyə düşüb, media da onların arxasınca gedir?
- Heç kəsə sirr deyil ki, Rusiyada Lənkəranski insanların pənah yerinə çevrilmişdi. Onun nüfuzu, cinayətkar dəstəsi, gücü vardı. İnsanlarımız qanundankənar kriminal avtoritetə sığınırdı. Çünki Rusiyada qanuni yolla yaşamaq, pul qazanmaq çətindir. Rusiya kimi bir ölkədə güclü olmaq şərtdir. Və bazarda alver edən hansısa bir həmvətənimizin özünü müdafiə etmək imkanı yoxdur. Bəli, bu ölkədə baş çıxarmağın yeganə yolu avtoritetlərə, lotulara, mafiyaya sığınmaqdır. Bu gün Rövşən üçün göz yaşı tökənlərin əksəriyyəti onun gücünə tapınanlardır, onun sayəsində baş saxlayanların yaxınlarıdır. Göz yaşı axıdıb sızlayanların əksəriyyəti gələcəklə bağlı qorxusu olanlardır. Çox təəssüf ki, Rövşəni ideallaşdıranlar Rusiyada yaşayan heç bir ziyalımızı tanımır. Əslində media küyə düşüb, insanları yanlış yönləndirir, arxasınca aparır.
"Rövşən bəyin dəfninə toplaşanlar nəyinsə xətrinə deyil, ona olan hörmətdən ora toplaşmışdılar”
Gənc yazar Ayxan Ayvaz isə mərhumun ölümü haqqında məlumatların bu qədər gündəmdə qalmasının şişirtmə olmadığını deyib: "Əzilən xalqların həmişə axtardığı bir sığınacaq olur. Mən nə Rövşən Lənkəranskini intellektuallıq göstərib üstündən xətt çəkirəm, nə də ki fanat olmağın tərəfindəyəm. Bizim insanlar qorxudan sevirlər. Eyni zamanda ona əl tutan adamı unuda bilmirlər. Rövşən Lənkəranski də nə qədər adama kömək edib, işini aşırıb, haqsızlığa uğrayanın xilaskarı olub. Bunlar danılmaz faktdı. Şişirdilməsinə gəldikcə isə, məncə elə də şişirdilmə olmadı. Gündəm oxucunun tələbatından yaranır və Rövşən Lənkəranski haqqında oxumaq istədiklərindən mətbuat hadisəni bu qədər işıqlandırdı. Kimlərdəsə rəy formalaşdırdığını zənn etmirəm. Ziyalısını unudan deyirsiniz... Ancaq bizim xalq ölüyə heç vaxt laqeyd deyil. Biz ölümə münasibətdə çox həssasıq. Və sizə deyim ki, Rövşən bəyin dəfninə toplaşanlar nəyinsə xətrinə deyil, ona olan hörmətdən ora toplaşmışdılar. Borclu idilər o adama. Çünki həqiqətən də onların xilas yeri olmuşdu. Eləcə də Rusiyadakı azərbaycanlıların. Dediyim kimi, bu danılmaz faktdı. Ancaq bunu ironiya hədəfinə çevirmək, ya da fanatlıq dərəcəsinə çatdırmaq lazım deyil.
- Yəni düşünürsünüz ki, ortada səmimi bir sevgi var?
- Əlbəttə, gedək o dəfnə toplaşanlardan bir-bir soruşaq. Hamısı Rövşən bəyin onlara kömək etdiyini deyəcək. Onun adını əziz tutacaqlar. Bilirsiniz necədir? Bu adam hansısa bir haqsızlığa savaş açıb və ona görə həbsə düşüb. Onun hansı cinayətlər törətməyini qoyaq qırağa. Bəlkə kimlərəsə görə haqsızdı. Ancaq öz yoluna həmişə sadiq olub və zəifə, gücsüzə gücü çatdıqca yardım edib. Bunu da heç kim unutmur. Sizə əl uzadanın kimliyi nə olur- olsun o sevgi və ehtiram görür.
Oğrumu? Ən güclüsü bizdədir?
Digər yazar, Qaynar.info” saytının baş redaktoru, yazar Zahir Əzəmət isə belə deyib: "Ümumiyyətlə, xalq olaraq lotu xalqıq. Məsələn, bütün regionla "dolma” və "sarı gəlin” razborkası aparmaqdan zövq alırıq. Biz sevirik ki, hər şeyin ən güclüsü bizdə olsun. Kababmı? Ən gözəli bizdədir! Dolmamı? Sanki dünyanın siyasi, mədəni, iqtisadi, texnoloji xəritəsində mərci boyda görünməyimizin acığını bu cür məhəlli lotuluqlarla çıxmaq bizə həzz verir. Başqa necə təsəlli tapaq? Yeri gəlmişkən, mütləq əlavə edim ki, həqiqətən də, and olsun uca Şirvinin ruhuna ki, ən yaxşı lavaş bizdədir”.
Rövşənin dəfnində yaşanan izdihamın biz "Lotu Hikmət”in də ölümü zamanı yaşamışdıq
Kulis.az saytının redaktoru Qan Turalı Rövşən Lənkəranskinin "oğru aləmi”nin nümayəndəsi kimi təqdim olunmasını doğru hesab etmir: "”Qanuni oğru”, "oğru aləmi” kimi anlayışlar sovet dövründə vardı. Həmin dövrdə dövlət özü mafiyanın funksiyalarını yerinə yetirdiyi üçün "mafiya” anlayışından istifadə olunmurdu. Müstəqillik dövründə isə xüsusi mülkiyyət ortaya çıxdığına görə, artıq bu sahənin adamları mafiya qruplaşması adlandırılmağa başladı. Əslində, bütün bu problemlərin kökü də ondan qaynaqlanır ki, biz heç nəyi öz adı ilə hallandırmırıq. Əgər Rövşən Lənkəranski zamanında cəmiyyətə mafiya kimi təqdim olunsa idi, bəlkə də insanlar onun gördüyü işlərin mahiyyətindən daha çox xəbərdar olardı!”.
Rövşən Lənkəranskinin ölümü ətrafında yaranan ajiotaj, onun haqqında hər kəsin sevgi ilə danışmasına gəldikdə isə Qan Turalı insanların bu izdihamı heyrətlə qarşılamasını anlamadığını deyib: "Biz elə bir ölkədə yaşayırıq ki, Azərbaycanın çox güclü mənəvi və intellektual potensialı var. Eyni anda iki dünyanın içərisində yaşamaq, yəni sovet dövrünün klişeləri və müasir dövrün gerçəklərini eyni anda yaşamaq kataklizm doğurur. Cəmiyyətimizin bir tərəfində kifayət qədər intellektə sahib, elmin, təhsilin insan həyatındaki önəmini dərindən qavrayan insanlar var. Digər tərəfində isə "vorovskoy mir” söhbəti aparan insanlar. İstənilən halda bu iki düşüncə sahiblərinin eyni cəmiyyətdə yaşaması müəyyən problemlərə yol açmalıdır. Və bu cür ziddiyyətlər təkcə Azərbaycanda deyil. Bir çox ölkələrdə xalq nümayəndələri arasında bu cür parçalanmalar var. Xatırlayırsınızsa, Rövşənin dəfnində yaşanan izdihamın biz "Lotu Hikmət”in də ölümü zamanı yaşamışdıq. Ona görə də, bu qədər heyrətlənməni absurd hesab edirəm və sözün açığı, o insanların optimistliyinə təəccüblənirəm. Axı bu kimi hallar bizim üçün adi bir şeydi. Biz Nadir Qafarzadə kimi adamlarla eyni ölkədə yaşayırıq və insanlarımızın əksəriyyəti ona pərəstiş edib, arxasınca gedir. Mikayılın verilişinin saniyəsini belə qaçırmayan insanlar başqa ölkə vətəndaşları deyil ki!? Axı orada palatka qurub oynayan insanlar Taiti adasından qonaq gedənlər deyil. Bütün bunlar acı da olsa, bizim gerçəkliyimizdi və biz artıq onlarla barışmaq məcburiyyətindəyik. Mübarizə apara bilərik, amma bu saatdan sonra inkar edə bilmərik”.
Məşhur deyimdə də olduğu kimi, "Müqəddəs yer boş qalmır”
Yazarın sözlərinə görə, mafiya liderlərinə qarşı simpatiyanın kökündə dayanan əsas səbəb vətəndaşların öz tarixindən xəbərsiz olmasıdır: "Şəhərdə sorğu aparsaq, gənclərin əksəriyyəti Milli Qəhrəmanlarımızın heç birinin adını çəkə bilməyəcək. Qarabağ savaşının real qəhrəmanlarından biri olan şəhid polkovnik Raquf Orucovun əməllərinin mahiyyətinə varmayan insanlar təbii olaraq Rövşən Lənkəranskilərin arxasınca gedəcək. Məşhur deyimdə də olduğu kimi, "Müqəddəs yer boş qalmır”.
Bu aləmin ayrıca bir dünya olduğunu vurğulayan Qan Turalının sözlərinə görə, bütün mafiya adamları sadə vətəndaşları bu aləmdən uzaq olmağa çağırır: "Onların öz qayda-qanunları, öz prinsipləri var. Həmin qaydalar isə sadəcə mafiya üzvləri üçün keçərlidir. Amma təəssüfləndirici haldır ki, təhsil səviyyəsi aşağı olan gənclər mafiya dünyasına aşırı maraq edir, özlərini onlardan biriymiş kimi aparmağı sevirlər. Anlamırlar ki, bu aləmin çox amansız prinsipləri var və su səhəngi həmişə suda sınır”.
Şərq qəzeti