Lənkəranskinin yasına gələn “oğru”ların aqibəti: polis həbs edə bilməz
29-08-2016, 10:22
Mahmud Hacıyev: “Istər cinayət, istərsə də inzibati qanunvericilikdə belə bir hal nəzərdə tutulmayıb. Hansısa qanuni oğrunun yas yerində həbs edilməsi absurddur”
Rövşən Lənkəranskinin ölümü və dəfni hələ də ictimai rəydə ən çox müzakirə edilən məsələlərdən biridir. Xüsusilə də Rövşənin dəfnində dünyanın bir sıra ölkələrindən tanınmış avtoritetlərin, qanuni oğruların iştirak etməsi ilə bağlı xəbərlər yayıldı ki, bu informasiyalar DİN tərəfindən təkzib edildi. Hüquq-mühafizə orqanları rəsmi şəkildə bəyan etdi ki, qanunu pozan, axtarışda olan hər hansı bir şəxs yas mərasimində iştirak edərsə həbs olunacaq.
Maraqlıdır, Lənkəranskinin dəfn mərasimində qanuni oğrular iştirak edibmi? Edibsə, o zaman DİN niyə kimsəni həbs etməyib? Ümumiyyətlə, bu kimi hallarda yas mərasimində iştirak edənlərlə bağlı güc orqanları hansısa addım atırmı? Yoxsa onlar da belə həssas məqamlarda yas mərasiminə qatılan avtoritetləri görməzdən gəlir? Bununla bağlı Cumhuriyyet.az-a açıqlama verən sabiq polis rəisi Mahmud Hacıyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib: “Birincisi, bu, yas yeridir. Tutaq ki, bura Rusiyadan, Serbiyadan və ya digər bir ölkədən hər hansı bir qanuni oğru gəlib. Əgər o, heç bir qayda-qanuni pozmursa, onun yas yerinə gəlməyə görə tutulmağı absurddur. Istər cinayət, istərsə də inzibati qanunvericilikdə kiminsə yas yerinə gəlib “Allah rəhmət eləsin” deməsinə görə tutulması nəzərdə tutulmayıb.
Ikincisi, bu məsələdə bir az jurnalist şişirtməsi də hiss olundu. Məsələn, yazdılar ki, Rusiyadan, Gürcüstandan bu qədər qanuni oğru gəlib və s. Mənə elə gəlir ki, qanuni oğrular da son vaxtlar öz hərəkətlərini, marşurutlarını çox sığortalayırlar. Zənnimcə, Rövşənin yas yerində onlar o qədər də iştirak etmədi. Rövşən hörmətli oğlandır. Mənim sadəcə imkanım olmadığı üşün onun yas mərasimində iştirak etmədim. Yoxsa mən də gedib yaxınlarına başsağlığı verərdim”.