Lənkəranskini satan “köstəbək” kimdir? –TƏFƏRRÜAT

29-08-2016, 11:23           
Lənkəranskini satan “köstəbək” kimdir? –TƏFƏRRÜAT
Türkiyədə nəşr olunan “Sabah” qəzeti “Rövşən Lənkəranski” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin qətli ilə bağlı yeni məlumatlar əldə edib.
Qəzetin yazdığına görə, bu səs-küylü qətli araşdıran İstanbul polisi “Rövşən Lənkəranski”ni güllələyən killerlərin Antalyadan kirayə götürdükləri avtomobillə gəldiklərini müəyyən edib.
İstintaq müəyyən edib ki, “Rövşən Lənkəranski” qətlin baş verdiyi gündən – avqustun 18-dən cəmi bir həftə əvvəl Türkiyəyə gəlib. Qəzetin yazdığına görə, killerlər Canıyevin hansı tarixdə Türkiyədə olacağını müəyyən ediblər və qətli hazırlamaq üçün hadisədən təxminən bir ay əvvəl onun ardınca Türkiyəyə gediblər. Killerlərin Türkiyəyə qaçaq yollarla daxil olduğu bildirilir. Daha sonra onlar Antalyada kirayələdikləri avtomobillə İstanbula gediblər, avtomobilə saxta nömrə nişanı taxıblar. Qətldən sonra İstanbul polisi killerlərin Antalyadan gəldiklərini müəyyən edib, üç mülki geyimli polis dərhal onların izini tapmaq üçün Antalyaya göndərilib. Lakin gəldikləri avtomobili hadisə yerində atıb piyada qaçan killerlərin izini tapmaq onlara müyəssər olmayıb.
Habelə müəyyən edilib ki, killerlərə İstanbulda Rövşənin qaldığı yeri göstərən və onlara yardım edən “köstəbək” də var. Lakin onun da izinə rast gəlmək hələ mümkün olmayıb.
İstanbul polisi Rövşənin qətlini 2013-cü ildə həmin şəhərdə qaldığı otelin hovuzundan çıxarılaraq güllələnən azərbaycanlı kriminal avtoritet, “Lotu Qoca” ləqəbli Əlibala Həmidovun qətlinə görə qisas kimi nəzərdən keçirir.Qətl “Lotu Qoca”nın öldürüldüyü gün baş verib. “Sabah” yazır ki, Rövşən Canıyevlə Əlibala Həmidovun ortaq qumar biznesi olub, lakin o, Rövşənə “atıb” və bu səbəbdən öldürülüb.
***
“Lənkəranski”nin qətlini “yeraltı dünya”ya bələd olanlar keçmiş SSRİ məkanında tanınan azərbaycanlı “qanuni oğru”ların epoxasının bitməsi kimi qiymətləndirir.
“Qanuni oğru”ların “xaç atası” hesab olunan Aslan Usoyan (“Ded Xasan”) vaxtilə “Rövşən Lənkəranski” haqda maraqlı fikirlər deyib. Onun “Rövşən anadan ”qanuni oğru” doğulub” ifadəsi hazırda unudulsa da, uzun müddət mətbuatın gündəmindən düşməmişdi. Yəni ən qatı düşmənləri də “Lənkəranski”nin sıradan biri olmadığını qəbul edirdilər. Atasının qatilini məhkəmə zalında öldürəndən ötən illər ərzində onun adına ən müxtəlif əfsanələr yazıldı, ölümündən sonra da bu əfsanələr yazılmaqdadır. Bununla belə, Rövşən Lənkəranskinin qətlindən sonra onun milis oğlu olması əsas gətirilərək bu məqamın “yeraltı dünya” mənsubunun tərcümeyi-halına uyğun gəlmədiyini şişirdirlər. Xüsusilə Rusiya mediasında bu məqam yerli-yersiz dövr etdirilir.
***
Rövşənin 17 yaşı olarkən atasının qatilitək həbs edilən və kriminal aləmdə tanınan bir “avtoritet” – Astaradan olan Quliyevi məhkəmə zalında, hakimlərin gözü önündə güllələyib. Öldürülməzdən əvvəl məhkəmə prosesində Quliyev məhbəsdən buraxılandan sonra Rafiq Canıyevin (Rövşənin atası) bütün qohum-əqrəbasını məhv edəcəyini bildiribmiş. Növbəti prosesdə isə Rövşən ona 5 güllə “hədiyyə” etməklə niyyətini ürəyində qoyur. Atasının qatilini öldürdüyünə görə prokuror ona12 illik həbs cəzası “oxuyur”. Amma hakim müttəhimin cinayət törətdiyi vaxt affekt vəziyyətində olduğunu, gəncliyini və təqsirini səmimiyyətlə etiraf etdiyini nəzərə alır və onu cəmi 2 il müddətinə cəzalandırmaq haqda hökm verir. 2 il günə-gün “oturduqdan” sonra azadlığa çıxan Rövşən “qanuni oğru” tituluna doğru irəliləməyə başlayır. O, 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb edilib. Bu dəfə Cinayət Məcəlləsinin köhnə redaksiyasında – 15.94-cü maddəsi (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. Cəmi 1 il sonra Rövşən yenə də azadlığa çıxır. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Canıyev cinayət məsuliyyətindən azad edilir. 1 il sonra – 2002-ci ildə onun barəsində həmin cinayət işi təzələnir və barəsində 1 iyul 2002-ci il tarixdə axtarış elan olunub.
Xatırladaq ki, “Lənkəranski”ni azərbaycanlı “qanuni oğru” “Nardaranlı Mirseymur” “tac”landırmışdı. Mirseymur Moskvada bir çox bazarlara nəzarət edirdi. 2003-cü ildə Mirseymur Şelkovskoye şossesində yerləşən “Peşera” kafesində öldürüldü. “Sabirabadlı Hikmət”in qətlindən sonra Rövşən azərbaycanlıların Moskvadakı biznesinə nəzarət edirdi. O, azərbaycanlıların çoxluq təşkil etdiyi bazarlarda – məsələn, “Çerkizov” bazarında “Ded Xasan”ın adamlarını sıxışdırıb çıxara bilmişdi.
Buna görə də “Lənkəranski”ni “Ded Xasan”ın qətlindən sonra rahatca bu işdə sifarişçi kimi göstərə də bilərdilər. Düzdür, “Rövşən Lənkəranski” “Sabirabadlı Hikmət” və “Masallı Mamed”in yoxluğundan sonra Rusiyada azərbaycanlı “oğrulara” qarşı cəbhəni darmadağın etməyi də bacarmışdı və bu “Ded Xasan”ın nüfuz dairəsinin daralması hesabına başa gəlmişdi. Məsələnin bu tərəfi də var ki, “Ded Xasan”ın öldürüləcəyi barədə söhbətlər onun qanı töküləndən xeyli əvvəldən gəzirdi. Onu elə mənsub olduğu yezidi-kürdləri də sifariş edə bilərdilər. O dövrdə Rusiya mətbuatı öz mənbələrinə istinadən yazırdı ki, “Ded Xasan”ın ölümünün arxasında, çox güman ki, Rövşənlə Taro dayanır. Bu məlumatlar “Rövşən Lənkəranski” ilə “Ded Xasan”a müxalif olan “Taro” ləqəbli “qanuni oğru” Tariyel Oniani yaxınlaşmasına əsaslanırdı. Fakt budur ki, “Ded Xasan” qətlə yetiriləndə Rövşən Azərbaycanda olub və bu qətldə onun adının hallanması da maraqlı qüvvələrin növbəti oyunu ola bilərdi. Üstəlik “Ded Xasan”ın qətli onun tərcümeyi-halına “asılan” ilk qətl deyildi. 2003-cü ilin iyulunda “Apelsin” boulinq-klubda “Elçin Yevlaxski” öldürülür. Bu qətli bəzi rəqibləri Rövşənin “ayağına yazmağa” çalışırlar, amma cəhdləri baş tutmayıb. 2010-cu ilin sentyabrın əvvəllərində “Rövşən Lənkəranski”nin yaxın ətrafına daxil olan Vaqif Tukanov qətlə yetirilir. Olaydan 2 həftə sonra, Moskvada “Ded Xasan”a hücum olur. Və “Rövşən Lənkəranski” ilə “Ded Xasan” arasında narazılıqların olması barədə xəbərlər mətbuata “ayaq açmağa” başlayır. Bu olaydan 2 il sonra – 2012-ci ilin iyununda Dubayda “Lənkəranski”yə sui-qəsd təşkil olunub. Onu 3 bıçaq yarası ilə ağır vəziyyətdə reanimasiyaya çatdırıblar. Bundan sonra o, təhlükəsizlik məsələlərinə xüsusi önəm verməyə başlayır. Buna görə də avqustun 18-də qətlə yetiriləndən sonra onun sayıqlığını itirməsi haqda xəbərlərin doğruluğuna böyük şübhə var. Daha çox “Lənkəranski”nin yaxın ətrafının xəyanət etdiyi versiyası inandırıcı görünür…
***
Bu gün “Ded Xasan” kimi “Lənkəranski”nin qətlinin arxasında dayananların kimliyi bilinmir. Amma “qanuni oğru”ların “xaç atası”nın qətlindən sonra belə xəbərlər də vardı ki, “Ded Xasan”ı Rusiya hüquq-mühafizə orqanları aradan götürə bilərdi ki, “oğrular” bir-biri ilə mübarizə aparsınlar. Nüfuz dairəsi geniş olan “yeraltı dünya”nın 2 önəmli isminin yaxşı münasibətləri hüquq-mühafizə orqanlarının işini əməllicə çətinləşdirə bilərdi.
“Ded Xasan”ın ölümündən sonra onun yerini tuta biləcək nüfuz sahiblərindən biri, bəlkə də ən birincisi də elə “Rövşən Lənkəranski” idi. Onun aradan götürülməsində bu məqamın da əsas rol oynadığını istisna etmək olmaz. Çoxları başa düşürdü ki, yaşlı “Ded Xasan”dan sonra kriminal aləminin kralı məhz “Lənkəranski” ola bilərdi. Odur ki, “Rövşən Lənkəranski”nin aradan götürülməsi haqda xəbərlərdə fakt kimi təqdim olunan məlumatlarda həqiqət yükünün nə dərəcə olduğunu söyləmək asan deyil. (Virtualaz.org )












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.