“İTV-nin referendumla bağlı reklam qiymətləri kommersiya marağının ifadəsidir”- HÜQUQŞÜNAS RƏYİ

31-08-2016, 12:37           

2016-cı il sentyabrın 26-da ölkədə referendum keçirilməsi gözlənilir. Bununla bağlı bəzi media qurumları ödənişli olaraq referendum öncəsi təşviqata qoşulmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət ediblər. Xəbəri MSK yayıb.
teref.az contact.az-a istinadən xəbər verir ki, məlumatda müraciət edənlər sırasında “Report”, “Trend”, “Gündəlik Teleqraf”, “APA Holdinq”, 1news agentliklərinin adları çəkilir.
Qəzetlər sırasında “Azərbaycan”, “Həftə içi”, “Yeni Azərbaycan”, “Bakinski Raboçi”, “Xalq Cəbhəsi”, “525-ci qəzet”, “Xalq qəzeti”, “Mövqe”, “Iki Sahil” qəzetləri yer alır.
Teleradio kanallarına gəlincə, burada “Ictimai Televiziya və Radio Yayım Şirkəti”, “Lider TV və Radio Yayım Şirkəti”, “Xəzər TV” və “Azad Azərbaycan TV” yer alır.
Əlbəttə, burada tərəfləri daha çox telekanallardakı qiymətlər maraqlandırır.
Qiymətlər isə təşviqatın aparıldığı vaxtdan asılı olaraq dəyişir. Məsələn, Ictimai TV-də saat 11:50-dən saat 16:50-yə kimi bir saniyə 20-24 manat arasında dəyişir, 16:50-dən 17:30-a kimi 30 manat, 17:30-dan 18:40-a kimi 35 manat, 18:40-dan 20:20-yə və daha sonra 50 manat təşkil edir.
Lider TV-də saat 07:00-dan 18:00-a kimi 1 dəqiqə 80 manat, 18:00-dan 24:00-a kimi 160 manatdır. Şənbə, bazar günləri isə göstərilən saatlardan asılı olaraq qiymətlər 100-200 manat arasında dəyişir.
“Xəzər TV” saat 20:30-dan 23:30-a kimi hər saniyə üçün 40 manat tələb edir. Amma 5-7 dəqiqəlik çıxış üçün qiymət saat 12:00-dan saat 13:59-a kimi 3 min manat, saat 14:00-dan 16:00-a kimi 3500 manat, 16:00-dan 19:00-a kimi 5 min manat, 19:00-dan saat 20:29-a kimi isə 8 min manat təşkil edir.
“Azad Azərbaycan” telekanalında isə 30 saniyə üçün qiymətlər 1200-1980 manat arasında dəyişir.
Hüquqşünas Ələsgər Məmmədli isə bu qiymətləri astronomik adlandırıb və əlçatan olmadığını deyib. Ekspert hesab edir ki, büdcədən maliyyələşən Ictimai TV-nin bir saniyə üçün qiyməti 50 manat təyin etməsi ağlasığmaz bir haldır. “Bu, 1 saat üçün 180 min manat deməkdir. Ya, ”Azad Azərbaycan” 1 saniyə üçün bu qiyməti 40 manat müəyyən edib ki, bu da 1 saat üçün 144 min manat deməkdir. O deyir ki, “Azərbayacan” qəzeti 1 kv santimentri 4-7 manatdan müəyyən edib ki, bu da bir səhifəlik yazının 20 manata başa gəlməsi deməkdir:
“Seçki, eləcə də referendum kommersiya marağı deyil, ictimai maraqların ifadəsidir. Odur ki, burada ictimai maraqların ifadə edilməsi öndə olmalıdır. Ona görə də bu məsələdə müəyyən edilən qiymətlər kommersiya marağından irəli gəlib və ictimai maraqları ifadə etmir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.