Azərbaycan-Pakistan əlaqələri – strateji tərəfdaşlığa doğru

12-07-2024, 11:22           
Azərbaycan-Pakistan əlaqələri – strateji tərəfdaşlığa doğru
Bu gün birmənalı olaraq vurğulamaq olar ki, Pakistan Azərbaycanın dostudur. Son illərdə Bakı-İslamabad əlaqələri yüksək səviyyədə davam edib.
Azərbaycanın müstəqilliyini tanıyan (1991-ci il dekabrın 12-si) ilk dövlətlərdən biri Pakistan İslam Respublikasıdır. İki ölkə arasında diplomatik münasibətlər 32 il əvvəl qurulub. Dövlət və hökumət başçılarının qarşılıqlı olaraq bir-birinə səfərlər etməsi ikitərəfli əlaqələrin genişlənməsinə impuls verir.
Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib, Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. Bir məqamı da xüsusi qeyd etməliyik ki, 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib.
Azərbaycan və Pakistan arasında əməkdaşlıqda dost ölkələrimizin bir-birinin haqq işini fəal şəkildə müdafiə etməsi xüsusi yer tutur. Azərbaycan Respublikasının ərazilərini işğal etdiyinə görə Pakistan bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayan və bu ölkənin müstəqilliyini tanımayan yeganə dövlətdir. Bu illər ərzində müxtəlif vaxtlarda Pakistan prezidenti, baş naziri, parlament və digər dövlət qurumları, eləcə də ordu rəhbərliyi, ictimai və siyasi xadimlər Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyən, dövlətimiz və xalqımızla həmrəy olduğunu əks etdirən müvafiq qətnamələr qəbul edib, bəyanatlar yayıblar. Pakistan Senatı 2022-ci il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib.
Azərbaycanın Cəmmu və Kəşmir məsələsi ilə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsipləri və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanır.
İyulun 11-12-sində Prezident İlham Əliyevin Pakistana dövlət səfəri iki ölkə arasındakı əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər zamanı Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə ikitərəfli və geniştərkibli görüşləri keçirilib. Həmçinin səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 10-dan çox sənədin imzalanıb.
Mətbuata Bəyanatı zamanı Azərbaycanın dövlət başçısı bildirib: “Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq.”
Şahbaz Şərifdə öz növbəsində bildirib ki, danışıqlar zamanı 2 milyard dollar dəyərində investisiyalarla bağlı müzakirə aparılıb, müqavilələrimiz imzalandıqdan sonra bu göstəriciləri qarşıdakı illərdə milyardlarla dollaradək artırmaq üçün hər iki tərəfin böyük potensialı vardır. “Əminəm, hər iki tərəf, xüsusilə Pakistan tərəfi qardaş ölkəmiz olan Azərbaycanın bu sürətinə çatmaq üçün gərgin işləyəcək ki, biz bu müzakirəni həqiqi fəaliyyətə çevirə bilək”.
İki ölkə arasında ictimai, hərbi, humanitar sahələrdə əlaqələr yüksək səviyyədədir. Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının məlumatına görə iki ölkə arasında ticarət dövriyyəsini 25-30 milyon ABŞ dollarına çatdırmaq mümkündür. Bu ilin 10 ayında iki ölkə arasında ticarət dövriyyəsi 19 milyon 045 min dollar olub.
Bakı-İslamabad əməkdaşlığı Mərkəzi Asiya, həm də Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsinə təkan vercəkdir. Ehtimal etmək olar ki, yaxın illərdə ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin göstəricisi başqa sahələrdəki yüksək səviyyəli münasibətlərə uyğun olacaq. Prezident İlham Əliyevin Pakistana dövlət səfəri də tərəflərin mənafeyi və maraqlarını təmin etmək üçün töhfə verər.
Azərbaycanla Pakistan arasında əlaqələrin inkişafına Heydər Əliyev Fondu da öz töhfələrini verməkdədir. Fond bu ölkədə həyata keçirilən silsilə humanitar tədbirlər çərçivəsində Kəşmirin Müzəffərabad şəhərində qızlar məktəbi inşa edilib, bu ölkənin Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvəndləşdirmə işləri aparılıb. Həmin əyalətin klinikalarında serebral iflicin müalicəsi təşkil olunub, açıq ürək cərrahiyyə əməliyyatları baş tutub, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə məqsədilə xüsusi laboratoriya ilə təchiz olunub, təcili tibbi yardım avtomobili hədiyyə edilib. Göz klinikasının tikintisi üçün maddi yardım göstərilib, Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edilib, 30 min nəfərdən çox imkansız insana qurbanlıq paylanılıb.
Əminik ki, dövlətimizin başçısının Pakistana dövlət səfərindən sonra iki dövlət arasında əlaqələr bütün sahələrdə daha geniş inkişaf edəcəkdir.


Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.