Xarici siyasətin uğuru ölkəmiz üçün mühüm nailiyyətlər vəd edir

19-07-2024, 17:46           
Xarici siyasətin uğuru ölkəmiz üçün mühüm nailiyyətlər vəd edir
Azərbaycan və Böyük Britaniya arasında siyasət, iqtisadiyyat, enerji, mədəniyyət və təhsil də daxil olmaqla müxtəlif sahələr üzrə möhkəm və çoxşaxəli əlaqələr mövcuddur. Bu tərəfdaşlıq Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra qarşılıqlı maraqlar və ümumi strateji məqsədlər çərçivəsində daha da inkişaf etmişdir.
İki ölkə arasında diplomatik münasibətlərin qurulması 1992-ci il martın 11-nə təsadüf edir. Əlaqələr yüksək səviyyəli səfərlər, ikitərəfli sazişlər və əməkdaşlıq layihələri ilə yadda qalıb. Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. İngilis şirkətləri ölkəmizin inkişafında, xüsusilə enerji sektorunda mühüm rol oynayıb.
Azərbaycan ilə Böyük Britaniya arasında siyasi və diplomatik əlaqələr güclü və sabitdir. Hökumət rəsmilərinin və dövlət başçılarının yüksək səviyyəli səfərləri bu əlaqələri daha da möhkəmləndirir. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya hökuməti ilə ikitərəfli və beynəlxalq məsələləri müzakirə etmək üçün bir neçə dəfə görüşüb. Prezident İlham Əliyev 2018-ci ilin aprelində andiçmə mərasimindən sonra Türkiyəyə səfərinin növbəti günü Böyük Britaniyanın Baş naziri xanım Tereza Meyin dəvəti ilə Londona səfər edib.
Böyük Britaniya xüsusilə Dağlıq Qarabağ münaqişəsi kontekstində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. İki ölkə müxtəlif beynəlxalq forumlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Avropa Şurasında əməkdaşlıq edir. İqtisadi əməkdaşlıq Azərbaycan-Britaniya münasibətlərinin təməl daşıdır və bu ölkə Azərbaycanda, xüsusilə neft-qaz sektorunda ən böyük xarici investorlardan biridir. British Petroleum (bp) 1990-cı illərin əvvəllərindən Azərbaycanın enerji sənayesində mühüm yer tutur, "Azəri-Çıraq-Günəşli" neft yataqları və "Şahdəniz" qaz yatağı kimi iri layihələri idarə edir. Enerji ilə yanaşı, iki ölkə arasında ticarət müxtəlif sektorları, o cümlədən tikinti, telekommunikasiya, kənd təsərrüfatı və maliyyə xidmətlərini də əhatə edir. Azərbaycanda çoxsaylı Britaniya şirkətləri və Azərbaycan şirkətləri Böyük Britaniyada fəaliyyət göstərir və ikitərəfli ticarət durmadan artır.
İyulun 18-də Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Kir Starmerin dəvəti ilə Londonda keçirilən "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısına gəlib. Azərbaycan Prezidentinin İngiltərəyə işgüzar səfəri ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə mühüm töhfə olacaq.
Oksfordda Lüksemburqun Baş naziri Lyuk Friden, İsveçrə prezidenti Viola Amherd, Macarıstanın Baş naziri Viktor Orban və digər rəhbərlərin təşəbbüsü ilə Prezident İlham Əliyevlə keçirilən görüşlər Azərbaycanın xarici siyasətinin uğurudur. Təəssüf ki, Ermənistanın baş naziri Nikol Paşinyan tarixi fürsəti qaçıraraq ölkə başçımızla görüşdən imtina edib.
“Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı Prezident İlham Əliyev qeyd edilib ki, ölkəmiz öz neftini Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir. Azərbaycan Avropada etibarlı enerji təchizatçısı kimi tanınır. Tarixdə ilk dəfə olaraq ölkəmiz Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edib və qonşularla birlikdə onu istismara verib.
“İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik”, - deyə dövlətimizin başçısı əlavə edib.
Bildirilib ki, enerji sahəsində Bakıda müəyyənləşdirilən strateji tərəfdaşlıq Azərbaycanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. 2021-ci ildə ölkəmiz Avropa qitəsinə ildə 8 milyard kubmetr təbii qaz ixrax edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.
Ölkə başçısı bildirib ki, Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaqdır. Hazırda 8 Avropa ölkəsi Azərbaycanın təbii qazını alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. Gürcüstan və Serbiya isə İttifaqa daxil olmaq üçün namizəd ölkədir. Nəhayət qardaş Türkiyəyə də Azərbaycan qazı ixrac edilir.
Çıxışı zamanı ölkə başçısı Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisənin baş verdiyini vurğulayıb. “Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq”.
Azərbaycanın xarici siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksəliş dövrünə qədəm qoyub. Xüsusilə, İkinci Qarabağ Zəfəri və postmüharibə dövründə ölkəmizin artan nüfuzunun memarı məhz İlham Əliyevdir. Bu gün ölkə başçımızın iştirakı ilə dünyada baş verən qlobal müzakirələr keçirilir. Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirdiyi bir sıra mühüm görüşlər və "Enerji və bağlantı" mövzusunda dəyirmi masada iştirakı Azərbaycanın beynəlxalq imicinin yüksək səviyyədə olduğunu bir daha göstərir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.