2-ci Şuşa Qlobal Media Forumu Azərbaycanın növbəti uğuru oldu

23-07-2024, 00:05           
2-ci Şuşa Qlobal Media Forumu Azərbaycanın növbəti uğuru oldu
Mətbuata həssas münasibət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin parlaq nümunəsidir. Dövlət rəhbərimizin ali siyasi iradəsi nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, çoxlu sayda qəzet və jurnalın fəaliyyəti üçün münbit şərait təmin edilmişdir.
Mətbuat, jurnalistika zamanın çağırışları ilə nəfəs alan ictimai təsisatdır. Zamanın dinamik dəyişməsi, hər dövrün öz reallıqlarının meydana gəlməsi, təbii ki, mətbuat qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Azərbaycan dövlətinin bugünkü inkişafı həm regionda, həm qlobal məkanda oynadığı əhəmiyyətli rol, önümüzdəki böyük milli hədəflər, mətbuatımız qarşısında da yeni vəzifələr qoyur.
Bu gün dövlətimiz beynəlxalq siyasi, iqtisadi, mədəni proseslərin fəal və böyük təsir gücünə malik iştirakçısı olduğu kimi, Azərbaycan mətbuatı da qlobal informasiya şəbəkəsinin bir parçasıdır. Hazırda respublikamızda çoxsaylı qəzet və jurnallar nəşr olunur, onlayn media inkişaf edir. İnformasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatının qlobal informasiya şəbəkəsinin bir hissəsi kimi öz rolunu uğurla yerinə yetirməsinə şərait yaradır. Qloballaşma prosesləri, medianın rəqəmsallaşması jurnalistikanın özündə də çox mühüm dəyişikliklərə gətirir. Mətbuatın üz tutduğu auditoriyanın maraqları, baxış bucağı, jurnalistikadan gözləntiləri çox sürətlə dəyişir. Jurnalistlərdən bu dəyişikliklərə çevik şəkildə uyğunlaşmağı, peşəkarlıq səviyyələrini mütəmadi artırmağı tələb edir.
Milli Mətbuatımızın 149 illik inkişaf tarixi ilə indiki səviyyəyə gəlib çatması, ölkəmizdə ən müasir tələb və standartlara uyğun medianın mövcudluğu dövlətimizin bu sahəyə dəstəyinin nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin media nümayəndələri ilə mütəmadi görüşləri, müsahibələri milli mətbuatımızın davamlı inkişafına müsbət təsir göstərir. Dövlətimizin başçısı İlham Əliyev söz azadlığının təmin olunmasını prioritet məsələ hesab edir və bununla bağlı böyük siyasi iradə nümayiş etdirərək lazımi addımları atır.
Həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən Azərbaycan mediası böyük Zəfərimizin müjdəçisi oldu. Jurnalistlərimiz 44 günlük Vətən müharibəsində cəbhə xəttində xəbər istehsalçısı kimi böyük fədakarlıq göstərdilər. Onlarla jurnalistimiz qismən səfərbərlik proqramının iştirakçıları kimi qələmini süngüyə çevirərək hərbi əməliyyatlarda iştirak etdi. Göstərdiyi igidliklərə görə müxtəlif medallarla təltif edildi. Ölkə mediası o tarixi günlərdə Azərbaycan həqiqətlərinin dünyaya düzgün çatdırılması missiyasını uğurla həyata keçirdi və indi də bu missiyanı davam etdirərək ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verməkdədir. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumuna geniş müsahibələri mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.
Keçən il Prezident İlham Əliyevin iştirakı ilə qədim qala şəhərimizdə, Şuşada "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda 1-ci Şuşa Qlobal Media Forumunun açılışı oldu. Forumda 49 ölkədən 150 xarici qonaq, beynəlxalq təşkilat və media qurumunun, eləcə də yerli media orqanlarının rəhbərləri və nümayəndələri iştirak etmişdilər. Forumda dövlətimizin başçısı bir daha dünyaya Azərbaycan reallıqlarını çatdırdı və regionda baş verən prosesləri dəyərləndirdi.
Forumun uğuru və beynəlxalq aləmdə yaratdığı rezonansdan sonar bu il yenidən növbəti Forum keçirilməsi zərurətini yaratdı. İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndələrinin qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayıb.
Bu gün İkinci Şuşa Qlobal Media Forumunu regionda və Azərbaycanda baş verən hadisələri dəqiqliklə, əsaslı şəkildə beynəlxalq ictimaiyyətə təqdim edir. Dövlət başçısı İlham Əliyevin ikinci Şuşa Qlobal Media Forumundakı çıxışında da əsas çağırışlarından biri bu oldu ki, regionda və Azərbaycanda baş verən hadisələr obyektiv şəkildə işıqlandırısın.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib və iştirakçıların suallarını cavablandırıb. Prezident İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla, mesajlarla zəngindir. Dövlətimizin başçısı sözügedən Forumdakı çıxışında diqqəti dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda reallıqlara qərəzli yanaşmalara da yönəltdi. Qeyd etdi ki, natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar Qərbdən qaynaqlanır. O, gündəlik həyatımıza çevrilir. Artıq Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır. Biz qarşılıqlı hörmət, qarşılıqlı anlayış, qarşılıqlı maraqların gözlənilməsi və uzun əsrlər boyu xalqlarımız arasında əlaqələrə əsaslanaraq münasibətləri formalaşdırırıq. Biz diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik, dedi-qodulara, Avropa Parlamentində və ya Avropa Şurasında hansısa bəyanatlara fikir vermədik.
Forumda Azərbaycanın reallıqları sırasında iqtisadi uğurlara xüsusi diqqət göstərildiyini bildirib. Ölkəmizin enerji sektorunda qazandığı uğurlar, yeni əməkdaşlıq formatlarının yaradılması üçün mövcud imkanlar, Azərbaycan qazının Avropaya nəqlinin iki dəfə artırılmasının əsas hədəflərimizdən olduğu geniş müzakirə edildi. 2021-ci ildə ölkəmiz Avropaya 8 milyard kubmetr qaz nəql edirdi. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz nəql ediləcək. Ümumi həcm isə 25 milyard kubmetr olacaq. 2027-ci ilin sonuna qədər Azərbaycan Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıdır. Bu resursların Avropaya mövcud nəqliyyat şəbəkəsi - Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılması planlaşdırılır. Bu gün qaz amili enerji təhlükəsizliyinin bir nömrəli faktorudur. Dövlətimizin başçısı bildirdi ki, “atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək”.
Forumda tədbir iştirakçılarına BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində nümayiş edilən dayanıqlı yanaşma barədə geniş məlumat verildi. Belə bir istək ifadə edildi ki, Azərbaycanda keçiriləcək COP29 məhz həmrəylik tədbiri olsun.


Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.