Ana dili millətin milli sərvətidir

26-07-2024, 10:09           
Ana dili millətin milli sərvətidir
Dil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur. Çünki milli varlığımızı mədəni təməllərə bağlayan dilimizdir. Bu dil millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Çünki bir milləti ayaqda tutan milli dəyərlərin başında dil gəlir. Millətin milli dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur.
Bütün əsrlərdə böyük mütəfəkkirlər dilimizə layiq olduğu dəyəri vermişlər. Hələ XI əsrdə Mahmud Kaşğarlı dilimizin ərəbcədən, XV əsrdə Əlişir Nəvai farscadan zəngin, gözəl, qüdrətli və şirin bir dil olduğunu isbat etmişdir. Qədim və orta əsrlərdə ən ali məqamlarda yad dillərin hökmranlıq sürdüyü dönəmdə - XIII əsrdə İzzədin Həsənoğlu qəzəllərini o dövrün “hakim” dillərində deyil, məhz ana dilində yazmağa üstünlük verdi. İmadəddin Nəsiminin fəlsəfi şeirləri, Qazi Bürhanəddinin tuyuğları, Şah İsmayıl Xətainin divanı, ustad Füzulinin “nəzmi-nazik” poetik inciləri məhz Azərbaycan dilində yazılıb, ana dilimizin bütün gözəlliklərini, zəriflik və incəliklərini, insan ruhunu ovsunlayan musiqili təsirini özündə əks etdirib. Ona görə ki, hər millətin mədəniyyətinin böyüklüyü sözlüyündə olan kəlmə xəzinəsi, yəni lüğət tərkibinin zənginliyi ilə ölçülür. Milli sərvətimiz olan dilimizi ağırlaşdırmamaq, yadlaşdırmamaq, təmizliyini qorumaq, onu zənginləşdirmək qayğısına qalmaq hər birimizin vətəndaşlıq borcudur. Bütün dönəmlərdə ziyalılarımız, xüsusilə də şair və yazıçılarımız Azərbaycan dilinin saflığı uğrunda qətiyyətlə mübarizə aparıblar. Lüğət tərkibinin məna çalarlarının zənginliyinə görə, dünyanın ən mədəni xalqlarının dil səviyyəsinə yüksəlmiş ana dilimizin mühafizəsi ilə əlaqədar milli ruhlu ziyalılar əllərindən gələni əsirgəmədilər. Səməd Vurğun, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Əli Tudə, Anar, Xəlil Rza Ulutürk, Məmməd Araz dillə bağlı möhtəşəm əsərlər yaratdılar. Xalq yazıçısı Mirzə İbrahimov dil uğrunda mübarizədə dövrün ziddiyyətləri, təzyiqləri ilə üzləşərək vəzifəsindən azad edildi, sərt münasibətlərlə üzləşdi, amma əqidəsindən dönmədi. Zaman böyük yazıçının arzularını təsdiqlədi. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində böyük xidmətlər göstərdi. Dilin inkişafı ilə bağlı ulu öndərin müntəzəm olaraq verdiyi fərman və sərəncamlarda, eləcə də tövsiyələrdə, çıxış və məruzələrdə vaxtaşırı bu məsələdə ortaya çıxan ciddi problemlərin həlli vacib sayılırdı.
Hər bir milli dəyər, ələlxüsus da, ana dili nə qədər xalqın keçmişini, qədimliyini özündə əxz etdirsə də, dövlət və rəhbərlik qayğısı olmadan ikinci planda durur və məişət dili səddini keçə bilmir, ali məqamlarda təmsil olunma iqtidarından məhrum olur. Milli dəyərlərimizə fəaliyyəti boyu himayədarlıq edən böyük rəhbərimiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldiyi elə ilk gündən ana dilimizə layiq olduğu statusu verdi və bunu bütün fəaliyyəti boyu ən yüksək səviyyədə davam etdirdi.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub. Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edir. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açır və kürsü dili səviyyəsinə qalxır.
Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Zamanına görə, sərt sovet ideologiyası şəraitində əsl qəhrəmanlıq və uzaqgörənlik nümunəsidir. Həmin dövrdə Azərbaycanda ana dili - dövlət dili uğrunda mübarizə milli istiqlal mübarizəsinin ana xəttini təşkil edib.
Müstəqillik ərəfəsi və onun ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüf doğurur. 1995-ci ildə qəbul edilən konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 2001-ci il iyunun 18-də Ümummilli Lider Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Bu sənəd ana dilimizin inkişafı üçün böyük imkanlar yaratdı. Həmçinin, Ulu Öndərin Azərbaycan Respublikasına rəhbərliyinin müstəqillik dövrünü əhatə edən ikinci mərhələsində “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” (9 avqust 2001-ci il) sərəncamı yeni tarixi mərhələdə dövlət dili siyasətinin miqyasını daha da genişləndirib.
Xalqın dilinin inkişaf etdirilməsinə, zənginləşdirilməsinə göstərilən diqqət və qayğı onun milli-mənəvi varlığının qorunub saxlanılması və daha da möhkəmləndirilməsi deməkdir. Bu mənada son yarım əsrdə Azərbaycanda ardıcıl olaraq dövlət dili siyasətinin uğurla həyata keçirilməsi xalqın təkamülündə dil faktoruna verilən böyük önəmi qabarıq şəkildə nəzərə çarpdırır.
Bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il və “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də milli ana dilimizin inkişafına böyük qayğının təzahürüdür. Eyni zamanda çoxəsrlik Azərbaycan ədəbiyyatı və xarici ölkə ədəbiyyatı nümayəndələrinin böyük tirajla nəşr edilib yayılması mühüm tarixi hadisədir.
Ana dilimiz əsrlərin qan yaddaşı, daş hafizəsidir. Heç bir dilin təsirində əriməyən, şirinliyini, axıcılığını, anlaşıqlılığını itirməyən, illər, əsrlər keçdikcə daha da cilalaşan və öz layiqli qiymətini alan dildir. Bizim hər birimiz bu dilin saflığının qorunmasının qayğısına qalmalıyıq.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.