İki dövlət arasında münasibətlərin inkişafına müsbət impuls
20-08-2024, 15:48
Rusiya Prezidentinin Azərbaycana dövlət səfəri beynəlxalq səviyyədə diqqət çəkir. Çünki Rusiya dünyanın aparıcı dövlətlərindən biridir və BMT Təhlükəsizlik Şurasının üzvüdür. Eyni zamanda bölgədə əsas güclərdən biridir, 200 ildən artıq Rusiya bölgədə hakim rolunda çıxış edib. Azərbaycan-Rusiya münasibətlərinin inkişafı yüksələn xətt üzrə davam edir. Artıq müttəfiqlik səviyyəsində münasibətlər formalaşıb.
Avqustun 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfərinə gəlib. Ertəsi gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib. Həmçinin hər iki dövlət başçılarının iştirakı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib.
Görüşlər zamanı iqtisadi, siyasi, mədəni, humanitar, kommunikasiya, nəqliyyat və logistika ilə bağlı məsələlər əsas müzakirə predmeti olub. Rusiya və Azərbaycan Şimal-Cənub Dəhlizi layihəsini həyata keçirən ölkələrdəndir. Bundan başqa Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirak etməyi arzulayır və əldə olunmuş üçtərəfli bəyanatlar əsasında sülh müqaviləsi, delimitasiya və demarkasiya, kommunikasiyaların açılması məsələlərinin həll olunmasını istəyir.
Qeyd edilib ki, keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il iki dövlət arasında ticarət dövriyyəsi 4 milyard dollar həddini adlayıb.
Ölkə başçısı bildirib ki, “Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər”.
Rusiya lideri Vladimir Putin isə Moskva və Bakının birgə fəaliyyətinin istiqamətlərinin çox olduğunu vurğuladı. Onun sözlərinə görə, iqtisadi-ticari əlaqələr uğurla inkişaf edir. Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 1270-dən çox müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da son hədd deyil.
Beləliklə, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri, Prezident İlham Əliyevlə aparılan danışıqlar, əldə olunan yeni razılaşmalar, imzalanan yeni sənədlər iki dövlət arasında münasibətlərin daha da inkişafına müsbət impuls vermiş oldu.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası