Xalqın rifahına və dövlətin inkişafına həsr olunmuş çoxşaxəli fəaliyyət
22-08-2024, 13:18
Bu gün Azərbaycan Respublikası güclü və müstəqil dövlətdir. Beynəlxalq nüfuzumuz getdikcə artmaqdadır. Bu nüfuzun qazanılması Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Sözsüz ki, Azərbaycanın imicinin yüksəldilməsində, onun dünyaya təqdimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin ənənələrinin davamçısı olan Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə əvəzsiz rola malikdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən ictimai-siyasi xadim kimi tanınır.
Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsilləbağlı bir çox önəmli layihə və proqramlara start verilib. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla yanaşan Mehriban xanımın təşəbbüsü ilə Fond bütün ölkə ərazisində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ilə yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görmüşdür.
Ölkəmizdə həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara, aztəminatlı ailələrə, valideyn himayəsindən məhrum gənclərə diqqət və qayğının artırılmasında, ümumən sosial müdafiə sisteminin sosial ədalət prinsipləri üzərində daha da gücləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çox geniş miqyası əhatə edən ardıcıl xidmətləri, yüksək humanizmi ehtiva edən nəcib, xeyirxah layihə və təşəbbüsləri mühüm rola malikdir.
Birinci Vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğısı nümunəvi xarakter daşıyır. Bu şəxslərin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqın¬dan azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da təqdirə layiqdir.
Mehriban xanım Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi də böyük işlər görmüş, Azərbaycanda idman hərəkatının davamlılığına əvəzsiz töhfələr vermişdir. Gimnastika üzrə dünya kuboku yarışlarının, müxtəlif çempionat və turnirlərin, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi məhz Mehriban xanım Əliyevanın adı və yüksək təşkilatçılıq qabiliyyəti ilə bağlıdır. Bu beynəlxalq yarışlar ölkəmizin istər mədəniyyət, istərsə də idman nüfuzunu bütün dünyada yüksəltmiş, Azərbaycanı idman ölkəsi kimi tanıtmış və ölkəmizə böyük turist axınına səbəb olmuşdur.
Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin UNESCO çərçivəsində qeyd edilməsi də bu qurumla əlaqələrin yüksək səviyyəsinin bariz göstəricisidir. Məhəmməd Füzulinin 500 illik, Kitabi-Dədə Qorqud dastanın 1300 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının, dünya şöhrətli alim akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı, alim Mir Cəlal Paşayevin 100 illik yubileyləri, habelə bu sıradan olan digər tədbirlər UNESCO çərçivəsində böyük təntənə ilə qeyd edilib.
Azərbaycan qadınının ümumiləşdirilmiş siması olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dünya miqyasında Azərbaycan qadınının simvoluna çevrilib. Müasir dövrdə ölkəmizin Birinci Xanımı, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva özünün həm ictimai- siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir.
Aysel Mənsimova - YAP üzvü