Azərbaycan və Özbəkistanın dünyadakı rolu və gücü daha da artır

24-08-2024, 18:45           
Azərbaycan və Özbəkistanın dünyadakı rolu və gücü daha da artır
Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gəlib. Səfər çərçivəsində çoxsaylı görüşlər keçirilib, dövlətlərarası mühüm əhəmiyyət daşıyan 11 sənəd imzalanıb.
İmzalama mərasimində Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə müttəfiqlik münasibətlərinə dair müqavilə də imzaladı və bununla da iki qardaş ölkə rəsmən müttəfiq oldu.
İmzalanan müqavilə Azərbaycanla Özbəkistan arasında olan bütün münasibətləri mütəffiqlik səviyyəsinə qaldırmaqla yanaşı Türk dünyasının inteqrasiyası və əməkdaşlığı üçün də yeni imkanlar açacaqdır. Azərbaycanla qardaş Türkiyə arasında 2021-ci ilin iyunun 15-də imzalanan müttəfiqlik haqqında “Şuşa Bəyannaməsi”ndən sonra ehtimal edilirdi ki, müttəfiqlik haqqında növbəti müqaviləni imzalayacağımız ölkə Özbəkistan olacaqdır. Çünki hər iki ölkənin Liderlərinin apardıqları müdrik siyasət, bir-birilərinə olan inam, dostluq və qardaşlıq əlaqələri bu fikri söyləməyə əsas verirdi.
Bu gün imzalanan mütəffiqlik sənədi ölkələrimizi bir birinə daha da yaxınlaşdırmaqla hər iki ölkənin dünyadakı rolunu və gücünü daha da artıracaqdır. Prezident İlham Əliyevin vurğuladığı kimi iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlətin imzaladığı müttəfiqlik haqqında sənəd bir çox hallarda regional siyasəti müəyyən edəcəkdir.
İnanıram ki, “Bizim ailəmiz Türk dünyasıdır” deyən, bu ilin iyulun 6-da Şuşada Türk Dövlətləri tərəfindən “Qarabağ Bəyannaməsi”nin imzalanmasına nail olan Prezident İlham Əliyevin öndərliyində Türk dünyasının inteqrasiya prosesi bundan sonra da uğurla davam edəcək, Özbəkistanla imzalanan belə bir tarixi sənəd digər Türk dövlətləri ilə də imzalanacaqdır.
Görünür, tarix Türk dünyasının dünyada güc mərkəzinə çevrilməsi missiyasını Azərbaycana və onun Liderinə həvalə edib. Bu gün iki dost və qardaş ölkə arasında əlaqələrin daha da genişlənməsi, dövlətlərin müttəfiq olması isə həm də bütün region üçün mühüm əhəmiyyət kəsb edir.


Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.