"Neftçala üçün birlikdə" - Tənzilə Rüstəmxanlının seçiiləri ilə möhtəşəm görüşü - FOTOLAR
24-08-2024, 19:35
Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat və təbliğat kampaniyası çərçivəsində avqustun 24-də 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçicilərlə möhtəşəm görüşü olub.
Neftçala Olimpiya İdman Kompleksində təşkil olunmuş bu görüşdə kütləvilik və coşqu göz önündə idi.
Əvvəlcə, Tənzilə Rüstəmxanlıdan bəhs edən qısa video-çarx izlənilib.
Görüşdə millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, xeyriyyəçi iş adamı Akif Kərimov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətininin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və namizədin vəkili Hüseyn Qurbanov çıxış edib.
Tənzilə Rüstəmxanlının ictimai və siyasi fəaliyyəti haqqında danışan çıxışçılar onun əzmindən söz açıb, Neftçala üçün nələr edə biləcəyindən bəhs ediblər.
Axırda söz Tənzilə Rüstəmxanlıya verilib
Deputatlığa namizəd öz platforması haqqında məlumat verib. O bildirib ki, seçiləcəyi təqdirdə, həmişə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin uğurla davam etdirilməsində, milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətin mənəvi kamilləşməsi, zərərli ideoloji təsirlərin qarşısının alınması işində var qüvvəsi ilə çalışacaq.
Neftçala sakinlərinin problemlərinin qabardılması və həlli yollarında səylərini əsirgəməyəcəyini vurğulayan Tənzilə Rüstəmxanlı seçiləcəyi halda seçicilərinin etimadını doğruldacağına söz verib.
O qeyd edib ki, seçicilər üçün əlçatan olacaq və birbaşa ünsiyyəti heç bir vaxt kəsməyəcək.
Xanım namizəd görüşə gələn hər bir seçiciyə təşəkkürünü bildirib və onları 1 sentyabrda keçiriləcək seçkidə aktiv iştirak etməyə çağırıb.
TEREF