Heydər Əliyev Azərbaycan xalqının birliyinin və dövlət müstəqilliyinin rəmzidir
31-08-2024, 17:42
3 sentyabr 1991-ci il Azərbaycanın müstəqillik salnaməsinə əbədiyyət tarixi kimi yazıldı. Naxçıvan Muxtar Respubliksı Ali Sovetinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının güdəliyində yer alan, iclasın keçirildiyi binanın qarşısına toplaşan yüzlərlə insanın intizarla gözlədiyi təşkilatı məsələ ilə bağlı qəbul olunacaq qərarın bütünlükdə Azərbaycanın varlığı, müstəqilliyimiz üçün nə qədər əhəmiyyətli olacağını çoxları bilmirdi. Həyəcanla sessiyanın gedişini izləyən, xilaskar axtaran insanlar Naxçıvanı Ermənistanın təcavüzündən, muxtar respublikada yaranan hərc- mərclikdən, o zaman iqtidarda olan AXC-Müsavat cütlüyünün bu qədim diyara ögey münasibətindən xilas edə biləcək ümid yeri axtarırdı.
Siyasi savadı, dövlətçilik təcrübəsi, şəxsi nüfuzu ilə təkcə azərbaycanlıların deyil, Kremldə çalışan sağlam düşüncəli insanların hörmətini qazanan müdrik şəxsiyyət Heydər Əliyevə həsəd apardığını hər məqamda bildirən və ermənipərəst mövqeyini İttifaq iqtisadiyyatının ən ağır sahələri olan tikinti, nəqliyyat, kimya sənayesinə başçılıq edən Ulu Öndəri vəzifəsindən azad etməklə rahatlıq tapan SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov kimi Azərbaycandakı «kommunist ideologiyası» xəstəliyinə tutulmuş rəhbərlik də eyni, səviyyəsiz düşüncə tərzinə malik idilər. Daşnak ideoloqlarının məkrli planlarını yerinə yetirən Qorbaçovun qısqanclığı üzündən Moskvada təzyiqlərlə üzləşən fərdi pensiyaçı Heydər Əliyevin Bakıya qayıdışını özlərinin sonu kimi dəyərləndirən Azərbaycanın müti rəhbərliyi bu dönüşün qarşısını almaq üçün təxribatlar törətdilər. 1982-ci ilin noyabrından etibarən fəaliyyətini Kremldə davam etdirən, özündən sonrakı rəhbərliyə çiçəklənən respublika tapşıran, ədalətsizliyə məruz qaldığı zaman Vətəninə qayıdan müdrik şəxsiyyət Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanı siyasi və iqtisadi kataklizmlər məngənəsində gördü və çox narahat oldu. Təbii ki, respublikanı bu günə salanlar və Kremlin qolu bağlı, həqiqəti etiraf etmək iqtidarında olmayan nökərləri Ulu Öndərin Azərbaycana qayıdışını qəbul etmədilər. Ona görə də xalqının qəlbində əbədi hörmət və ehtiram qazanan, respublikada siyasi gərginliyin yaranmasını istəməyən Heydər Əliyev doğulduğu Naxçıvana getməyə məcbur oldu.
3 sentyabr 1991-ci ildə keçirilən Naxçıvan MR Ali Sovetinin növbəti sessiyasının nəticəsini hamı səbirsizliklə gözləyirdi. Həmin sessiyada 4 dəfə çıxış edərək onun namizədliyini irəli sürənlərə minnətdarlığını bildirən müdrik ağsaqqal Heydər Əliyev təkidlə xahiş etdi ki, onun namizədliyini səsə qoymasınlar. Həmin tarixə bugünümüz prizmasından verilən dəyəri «Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində və şəxsi həyatında 1990-1993-cü illər Naxçıvan dövrü kimi adlandırılsa da bütünlükdə müstəqilliyimizin əbədi qarantı kimi tarixə yazıldı» sözləri ilə ifadə etmək xalqımızın Ulu Öndərə vəfa borcu olardı.
Azərbaycançılıq məfkurəsini siyasi fəaliyyətinin əsas istiqaməti kimi diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyevin Azərbaycana dönüşü tarixi hadisə idi. Havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edən Ermənistan tərəfindən blokadaya alınan muxtar respublikaya rəhbərlik etmək, bu qədim diyarı qorumaq asan deyildi. Ağır, çətin zamanda xalqı ilə birlikdə olmaq üçün Vətəninə qayıdan Ulu Öndərin varlığından belə narahat olan qüvvələr hamının el ağsaqqalı, müdrik şəxsiyyət kimi sevdiyi Ümummilli Lider Heydər Əliyevə qarşı xəyanətlər törətdilər. Amma milyonlar onu daxili və xarici dairələrin itaətində olan şər qüvvələrdən qorudu. Xilas yolu isə yenə xalqla birlikdə olmaq idi.
Ulu Öndərin Naxçıvandakı ən böyük xidmətlərindən biri insanlarda milli təfəkkür və məfkurənin formalaşdırılması idi. Diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr - Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi barədə qərar qəbul olundu. Əhəmiyyətinə görə daha böyük önəm daşıyan xidmətlərindən biri də 150 ildən artıq bir müddətdə «sərhədlərimizi qoruyan» SSRİ-nin 41-ci sərhəd dəstəsinin və 75 saylı mexanikləşdirilmiş moto-atıcı diviziyanın muxtar respublikanın ərazisindən çıxarılması barədə qərarın qəbulu oldu. Azərbaycanda «qızıl ordu» hissələrinin qaldığı vaxtda Naxçıvanda belə bir cəsarətli addımın atılması, rus ordusuna məxsus silah- sursatın, əmlakın, hərbi texnikanın yeni yaradılan Milli Orduya və Azərbaycanın I Sərhəd Dəstəsinə təhvil verilməsi yalnız düşünülmüş, ağıllı siyasətin nəticəsində mümkün ola bilərdi. Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi isə keçmişimizdən bugünümüzə ərmağan idi. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən çıxması üçün qonşu İran və Türkiyə ilə əməkdaşlıq gücləndi, hər iki dövlətdən muxtar respublikaya ərzaq , sənaye malları ən başlıcası isə enerji verildi. Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsi üçün «Ümid» körpüsü salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti üçün geniş imkanlara malik hava limanı, Bakıda Naxçıvan nümayəndəliyi açıldı. Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. AXC-Müsavat iqtidarındakı bəylərin «unitar dövlətdə muxtariyyat ola bilməz» kimi səhv ideyalarına Ulu Öndər «Mən həyatımdan keçərəm, Naxçıvanı Azərbaycandan ayırmaram» sözləri və Qars müqaviləsini təzələməklə cavab verdi. Təcrübəli dövlət xadimi Heydər Əliyev yaxşı bilirdi ki, Naxçıvanın muxtariyyatının ləğv olunması bu qədim Azərbaycan torpağının itirilməsi demək idi.
44 gün davam edən İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycanın qarşısında duran həlli vacib məsələlərdən olan Zəngəzur dəhlizinin reallaşması da Ulu Öndərin ən böyük arzularından idi. Ulu Öndər bildirirdi ki, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının- Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyat məsələsini zəruri etdi. Muxtar respublikanın 75 illik yubileyi üzrə dövlət komissiyasının iclasında sədr kimi çıxış edən Ulu Öndər Heydər Əliyev bildirmişdi ki, Azərbaycanın o vaxtkı hökumətinin gərgin fəaliyyəti, ciddi mövqeyi və Qars müqaviləsinin imzalanması ilə Naxçıvanın muxtariyyatı təsdiqləndi, qərar qəbul olundu. Ulu Öndərin «Naxçıvanın muxtariyyatı tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyatı Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq» sözləri bu gün üçün də aktualdır. Ulu Öndər Heydər Əliyev Zəngəzurun Azərbaycan üçün əhəmiyyətini bu sözləri ilə diqqətə çatdırırdı: « İndi görürsünüz, tarixi nöqteyi nəzərdən çox ağır, gərgin bir dövrdə Azərbaycan torpaqlarını qoruyub saxlamaq, Zəngəzur Ermənistana veriləndən sonra Naxçıvanı Azərbaycanın ayrılmaz bir hissəsi kimi saxlamaq üçün böyük nailiyyət əldə edilmiş, Naxçıvana muxtariyyat verilmişdir.»
Prezident İlham Əliyev layiqli davamçı olduğunu qətiyyəti, Müzəffər Ali Baş Komandan kimi Ulu Öndərə raportu ilə təsdiqlədi: «Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!»
Ötən əsrin sonlarında respublikada yaranan hərc-mərcliyə dözməyən xalqın təkidli tələbi ilə 9 iyun 1993-cü ildə Bakıya qayıdan, xilaskarlıq missiyasını geniş miqyasda davam etdirən Heydər Əliyev Ümummilli Lider, xilaskar kimi Azərbaycanı dünyada arzuladığı kimi tanıtdı.
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı