Ölkənin gələcək müqəddəratını müəyyən edən seçkilər - İsrafil Kərimovun yazısı
30-09-2024, 08:42
Ölkənin gələcək müqəddəratını müəyyən edən seçkilər
1993-cü il oktyabrın 3-də ölkədə keçirilən Prezident seçkilərində
Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər
Heydər Əliyevi Prezident seçdi. Ölkəmizin tarixi üçün çox mühüm hadisə
olan bu seçkilər müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən
yolun ilk pilləsi oldu. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-
mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır.
Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq
qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün
nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan
xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik
anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün
istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu
təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat
iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istədi.
Xalqın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider
mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının
Prezidenti seçildi. Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa
sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib,
ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-
kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin
əyani nümunəsini yaratdı. Bu həm də xilaskarlıq missiyası idi.
Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası
istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr
zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən
mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.
Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi
təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün
bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının
alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu
istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Onun prezident
seçilməsi ilə ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyaraq,
dövlət quruculuğu, iqtisadi, sosial və mədəni həyatda demokratiyanın,
qanunvericiliyin formalaşması üçün geniş imkanlar yarandı. Müstəqillik
illərində Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına üzv qəbul
edildi, faydalı əməkdaşlıqlar quruldu. Həyata keçirilən regional və qlobal
layihələr Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Müxtəlif
sahələrdə baş verən yeniliklər, xarici dövlətlərlə yaradılan dostluq və
əməkdaşlıq münasibətləri, iqtisadi göstəricilər müstəqillik illərinin
uğurlarıdır.
Ümummilli Lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarda
möhkəmləndirilməsi ilə yanaşı, güclü vətəndaş cəmiyyətinin formalaşması
məsələsini də prioritet istiqamət kimi diqqətində saxlayırdı. Bunun üçün ilk
növbədə ölkədə hüququn aliliyi təmin edilməli, sabit ictimai münasibətlər
zəmini formalaşdırılmalı, beynəlxalq təcrübə öyrənilməli, Qeyri Hökumət
Təşkilatları yaranmalı və bir sıra digər mühüm mərhələlər keçilməli idi. Ulu
Öndər Heydər Əliyevin bu sahədə atdığı addımlar tezliklə öz konkret
nəticələrini göstərməyə başladı.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır
və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. Qərbə
inteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə
yenilməz siyasi iradə nümayiş etdirdi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-
Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli
mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Məhz Heydər
Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi”
Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir.
Dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi”
sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin
imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk
neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına
çıxarılmışdır
Ulu Öndər bölgədə və dünyada baş verən hadisələrə praqmatik
yanaşırdı, tarixi şəraitdən düzgün qiymətləndirərək ölkənin taleyi üçün
uğurlu qərarlar qəbul edirdi. Bunun özü isə xüsusi məharət, istedad, bilik
tələb edirdi. Dövrün ən tanınmış siyasətçiləri, prezidentləri, diplomatları,
alimləri onu “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı”
adlandırırdılar. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
onun fəaliyyətini belə qiymətləndirirdi: “Mərhum Heydər Əliyev
Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə
göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer
tutmuşdur”.
Bütün ömrünü Azərbaycanın inkişafına həsr edən Ümummilli Liderin
bu gün ruhu şaddır. Çünki, bu gün onun arzuladığı Azərbaycan var!
Toröaqlarımız işğaldan azad olunub, iqtisadi və siyasi gücü artır, hüquqi və
siyasi islahatlar ölkənin daha da yekdil olmasına imkan yaradır. Və bu ölkə
daha da inkişaf edəcək, nüfuzu daha da artacaqdır. Bizim hər birimiz fəxr
edir və qürur duyuruq ki, onun yolunu və ideyalarını dünya siyasətçiləri
arasında sayılıb-seçilən böyük dövlət xadimi İlham Əliyevlə yanaşı, Heydər
Əliyev Fondunun prezidenti, respublikanın Birinci vitse-prezidenti Mehriban
xanım Əliyeva, ulu öndər Heydər Əliyevin sevimli nəvələri ləyaqətlə davam
etdirir, öz xeyirxah və nəcib əməlləri ilə hamıya nümunə göstərirlər.
Xalqımızın sonsuz məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev
Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi
əbədi yaşayacaqdır.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü