Düzgün iqtisadi siyasətin möhtəşəm zəfəri

1-11-2024, 17:12           
Düzgün iqtisadi siyasətin möhtəşəm zəfəri
Azərbaycan xalqına şanlı Zəfər bəxş etmiş İkinci Qarabağ müharibəsinin başlanmasının dördüncü ildönümü tamam olur. Bu möhtəşəm qələbə son 30 illik tariximizin ən parlaq səhifəsinə, xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi. Vətən müharibəsi və onun cahanşümul nəticəsi dövlətimizin qüdrətinin, xalqımızın mətanətinin, ordumuzun və əsgərimizin şücaətinin, Prezidentimizin uzaqgörənliyinin nümayişi olaraq tarixə yazıldı.
Prezident İlham Əliyevin Qarabağın azadlığına aparan yolda uğurlu addımları hər şeydən əvvəl dövlətin qüdrətinin artırılmasını, onun iqtisadiyyatının gücləndirilməsini nəzərdə tuturdu. Prezident İlham Əliyev mövcud imkanları lazımınca dəyərləndirərək Azərbaycanın yeni güc potensialının yaradılması kimi tarixi missiyanı müvəffəqiyyətlə gerçəkləşdirməyə nail oldu. Qısa bir vaxtda Azərbaycanın iqtisadi landşaftı ciddi şəkildə dəyişdi, bu isə öz növbəsində həm ölkə daxilində iqtisadi fəallığın artırılmasını şərtləndirdi, həm də güclü cazibədarlığı sayəsində milyardlarla xarici sərmayənin ölkə iqtisadiyyatına axmasını təmin etdi.
Uğurlu Neft strategiyasının sayəsində ölkəmizə daxil olan böyük maliyyə resurslarının məqsədəuyğun şəkildə idarə edilməsi və ölkə üçün ən faydalı şəkildə istifadəsi öz nəticəsini verdi. Güclü iqtisadiyyat nəticəsində yaradılan ordu hər cür müasir silahlarla təmin edildi və bu da öz növbəsində qələbənin əsasini qoydu.
Bütün dövrlərdə və bütün sahələrdə ictimai uğurun ən əsas şərti həmişə lider amili ilə əlaqədar olmuşdur. Tarixi təcrübənin dəfələrlə sübuta yetirdiyi həqiqət hərb sahəsində özünü daha aydın şəkildə büruzə verir. 44 günlük Vətən müharibəsi Azərbaycanın möhtəşəm zəfərində İlham Əliyevin şəxsində sərkərdə amilinin nə dərəcədə müstəsna rol oynadığının əyani təsdiqi hesab edilə bilər. Lakin İlham Əliyevin Qarabağın işğaldan azad edilməsində tarixi rolu yalnız 44 gün ərzində Ali Baş Komandan kimi misilsiz xidmətlər göstərməsi ilə bitmir. Müasir dövrün mahiyyətcə tam fərqli döyüşləri sayılan Vətən müharibəsində sərkərdə missiyasına başlamazdan əvvəl Prezident İlham Əliyevin ədalətin bərpası naminə böyük zəhmətlər hesabına başa gələn xüsusi hazırlıq işləri aparması heç zaman unudula bilməz və unudulmamalıdır. Şanlı qələbəni onlarsız təsəvvür etmək mümkün deyil.
Çox sevindirici haldır ki, xalqımız Şanlı Zəfərimizin 4-cü ildönümünü daha böyük sevinclə qeyd edir. Ötən il sentyabrın 19-da cəmi bir gün davam edən Lokal Antiterror tədbirləri nəticəsində Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin qaldığı digər ərazilərimiz də tam şəkildə Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
Oktyabrın 15-də isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı. Həmçinin ölkə başçısı Şuşa rayonunun Malıbəyli kəndində, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində, Əsgəran qalasında oldu, Tərtər rayonunun Suqovuşan qəsəbəsində İstirahət parkının aşılışında iştirak etdi və Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış oldu.
Bu gün azad Qarabağımızda genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır. Qururluyuq ki, ötən il noyabrın 8-də Qələbəmizin üçüncü ilini - Xankəndi şəhərində hərbi paradla qeyd etdik. Artıq 2-ci ildir ki, işğaldan azad edilmiş şəhərlərimizdə Şəhər Günləri böyük təntənə ilə qeyd edilir. Bu bizim hər birimizi sevindirir və qürurlandırır.


Tufan Məmmədov – iqtisadçı-ekspert













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.