Dərin tarixi əlaqələrə əsaslanan dostluq
6-11-2024, 16:26
44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən və suverenliyimizin tam bərpasından sonra Azərbaycanın xarici siyasət sahəsində öz uğurlarını davam etdirir. Xarici siyasətin bir istiqaməti kimi ölkəmizin Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələri daha da inkişaf edir.
Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olan böyük bir ailədir. Dövlətlər arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq əlaqələri ildən ilə daha da möhkəmlənməkdədir.
Prezident İlham Əliyevin türkdilli ölkələrə, onların dövlət başçılarının Azərbaycana qarşılıqlı səfərləri davamlı xarakter alıb. Ölkə başçısının noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XI Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfəri də bunun tərkib hissəsidir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə türk dövlətləri ilə əməkdaşlığının geniş perspektivləri var. Türk Dövlətləri dövlət başçılarının qarşılıqlı siyasi iradəsi və xalqlarımızın ortaq tarixi, mədəni və dini dəyərlərə əsaslanan dostluq əlaqələri sayəsində bu ölkələr arasında münasibətləri son illərdə iqtisadiyyat, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə daha dinamik inkişaf mərhələsinə qədəm qoyub. Bu əməkdaşlıq təkcə ölkələrin rifahını yüksəltmək üçün deyil, həm də regionda sülhə və sabitliyin güclənməsinə töhfə vermək məqsədini daşıyır.
Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Dövlətimizin başçısının təşəbbüsü ilə Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi istiqamətində irəli sürdüyü təkliflər Türk Dövlətləri Təşkilatının inkişaf strategiyasının gücləndirilməsində mühüm rol oynayır.
Noyabrın 6-da Bişkekdə Sammit çərçivəsində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilat bu dövr ərzində uğurlu inkişaf yolu keçib. qeyd edilib ki, bu ilin iyul ayında Şuşa şəhərində keçirilən Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir.
Vurğulanıb ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərib və bu gələcəkdə təşkilatın potensialının daha da güclənməsinə öz töhfəsini verəcəkdir.
Ölkə başçısı bildirib ki, “Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir”.
Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.
Prezident İlham Əliyev çıxışının sonunda qeyd edib ki, “Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür”. Ölkə başçısı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin COP29 konfransının işində fəal iştirak edəcəklərinə əmin olduğunu bildirib.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru