Azərbaycan daim Türk dünyasının güclənməsinə çalışır

6-11-2024, 18:28           
Azərbaycan daim Türk dünyasının güclənməsinə çalışır
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən və düşünülmüş siyasət, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər ölkəmizin bütün dünyada nüfuzunu artırıb. Yeni reallıqlar fonunda Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Azərbaycan qardaş türk ölkələri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi qismində görür və böyük Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir.
Tarixin bütün dönəmlərində türklər özlərinin qüdrəti, gücü, zəngin dövlətçilik ənənələri ilə seçilmiş, dünyanın ən üstün dəyərlərə malik sivilizasiyalarından birinə sahib olublar. Türk sivilizasiyası dedikdə bəşəriyyətin inkişafına saysız-hesabsız töhfələr vermiş, qədim mədəniyyətə, incəsənətə, hərtərəfli elmə və biliyə, həmçinin sağlam gücə malik olan sivilizasiya nəzərdə tutulur. Bəşər sivilizasiyası tarixində özünəməxsus yeri olan türk sivilizasiyası əsrlər boyu şərəfli yol qət edərək hazırkı inkişaf səviyyəsinə çatıb. Dünyanın ikili standartlara əsaslanan siyasətinin davam etdiyi bir dövrdə Türk dünyasının birliyinin zəruriliyi özünü daha aydın şəkildə göstərir. Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Ümumilikdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Hazırda dünya bu birliyi işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın şəkildə görür.
Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Dövlətimizin başçısının TDT-yə üzv ölkələrin inteqrasiyasına və inkişafına töhfələri hər birimizə yaxşı məlumdur. TDT-yə üzv dövlətlər Prezident İlham Əliyevin bu istiqamətdəki fikirlərini bölüşür, eyni zamanda, təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün səy göstərirlər.
Azərbaycanın Türk dünyası ölkələrinin birliyinə daha bir töhfəsi isə Orta Dəhliz layihəsidir. Orta Dəhlizi dəyər zənciri də adlandırmaq mümkündür. Lakin bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula malik türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir. Bu gün Azərbaycan Orta Dəhliz layihəsinin əsas vəsilələrindən biri hesab edilir. Ölkəmiz dəhlizin inkişafı və səmərəliliyi üçün öz ərazisində zəruri infrastruktur yaradıb. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Azərbaycan, eyni zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.
Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyev daim türkdilli ölkələrlə əlaqələrin inkişafına böyük önəm verir. Prezident İlham Əliyevin iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında qeyd etdiyi kimi: “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir.
Şuşada keçirilmiş həmin Zirvə görüşü Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa ciddi təkan verib və təşkilatın funksionallığını keyfiyyətcə yeni müstəviyə yüksəldib. Tədbirdə çox mühüm qərarlar qəbul olunub. Həmin tədbir çərçivəsində “Qarabağ Bəyannaməsi” imzalanıb. Bu mühüm sənəd də türk birliyinin daha da möhkəmləndirilməsi, TDT-nin beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Cari ilin sentyabrında Latın qrafikalı, 34 hərfdən ibarət Ortaq Türk Əlifbasının qəbul edilməsi türk xalqlarının linqvistik mirasını qorumaqla yanaşı, onlar arasında qarşılıqlı anlaşmanı, eləcə də əməkdaşlığı daha da inkişaf etdirəcəkdir. Həmin ortaq əlifbanın qəbulu türk xalqları arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın daha da inkişafına töhfə vermək məqsədi daşıyır. Qəbul edilən əlifba ilə türk xalqları elmdən iqtisadiyyata, siyasətdən humanitariyaya qədər bir çox sahələrdə daha da yaxınlaşacaq, onların birlikdə hərəkət etmək qabiliyyəti artacaq.
Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik” şüarı altında Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşü keçirilib. Təşkilata üzv ölkələr yenidən bir araya gələrək, təşkilatın inkişaf etdirilməsi və fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Zirvə görüşündə TDT-də müşahidəçi üzv statusuna malik ölkələrin də dövlət və hökumət başçıları iştirak ediblər.
Tədbirdə, eyni zamanda, dövlət başçıları tərəfindən Türk Dövlətləri Təşkilatının XI Zirvə görüşünün Bəyannaməsi də daxil olmaqla bir sıra sənədlərin imzalanıb. Zirvə görüşünün sonunda TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçib.
Bişkekdə Sammit çərçivəsində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilat bu dövr ərzində uğurlu inkişaf yolu keçib. qeyd edilib ki, bu ilin iyul ayında Şuşa şəhərində keçirilən Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Vurğulanıb ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərib və bu gələcəkdə təşkilatın potensialının daha da güclənməsinə öz töhfəsini verəcəkdir.
Ölkə başçısı bildirib ki, “Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir”.
Sonda Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləyib. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür. Ölkə başçımız əmin olduğunu bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər.
Beləliklə, Türk Dövlətləri Təşkilatının XI Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynamışdır.

Metin Hüseynov - siyasi sərhçi, politoloq













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.