Finlandiyanın “İltalehti” jurnalının müxpiri Antero Eerola və fotoqraf Jael Karppanen Tərtər rayonunda səfərdə olub
4-10-2016, 10:39
teref.az - Oktyabırın 3-də V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Finlandiyanın “İltalehti” jurnalının müxpiri Antero Eerola və fotoqraf Jael Karppanen cəbhə bölgəsində mövcud vəziyyət, orada yaşayan dinc əhali və müvəqqəti məskunlaşmış məcburi köçkünlərin güzaranı ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər ediblər.
Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olublar. Görüşdə rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədov qonaqlara cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verdi, qeyd olundu ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.
Diqqətə çatdırılıb ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə 400 yaxın evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 9 nəfər mülki şəxs yaralanıb, 3 nəfər dünyasını dəyişib. Bunlardan ikisi rayonumuzda məskunlaşmış məcburi köçkünlərdən Ağdam rayonun sakini, 1993-cü il təvəllüdlü Rəhimov Orxan Valeh oğlu və Kəlbəcər rayon sakini, 2000-ci il təvəllüdlü Həsənova Turanə Kamandar qızıdır. Eyni zamanda Laçın rayonundan məcburi köçkün Əhmədov İsa Əli oğlu ağır yaralanıb. Həmçinin Ağdam rayonundan məcburi köçkün, 1963-cü il təvəllüdlü Rəhimov Cəlal Saday oğlu da ağır yaralanmış, gözünün birini itirmiş, ayağının birinin isə kəsilmə ehtimalı qalmaqdadır. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və 1500 hektar kənd təsərrüfatı ərazisinə ciddi ziyan dəyib. Tək 26-28- aprel 2016-cı il tarixlərdə erməni hərbi birləşmələri tərəfindən rayonun Əkispara kəndinin ərazisinə atılmış, Beynəlxalq Konvensiyalarla qadağan olunmuş ağ fosforlu top mərmisinin zərərsizləşdirilməsi nəticəsində 13 istehsalçıya məxsus 3,01 hektar pambıq, 20,01 hektar buğda, 6,20 hektar arpa, 8,42 hektar yonca, ümumilikdə 37,64 hektar sahəyə tüstünün yayılması nəticəsində zərər dəyib.
Bildirilib ki, ermənilərin təxribatı bununla bitmir. İşğal altında olan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir, nəticədə 31500 hektar əkin sahələrinin suvarılmasında çətinliklər yaranır. Qış fəslində isə suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Düşmən tərəfindən təmas xəttinə yaxın olan ərazilərdə yanğınlar törədilir. Bunun nəticəsində də ərazinin flora və faunası məhv olur, taxıl sahələri yanğına məruz qalır.
Sonra qonaqlar rayon ərazisində yerləşən N saylı hərbi hissədə, məcburi köçkünlərin sıx yaşadığı Həsənqaya kəndində erməni attireliyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olmuş, məcburi köçkün ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıblar. Ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar.