Qlobal Bakı Forumu: dünya düzəninə yeni baxış

Bu gün, 12:59           
Qlobal Bakı Forumu: dünya düzəninə yeni baxış
Beynəlxalq münasibətlər sistemində güclü ölkə olan Azərbaycanın uğurlarının əsasında uzaqgörən və praqmatik xarici siyasət strategiyası dayanır. Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Bu gün ölkəmizin bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi deyil, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirakı, əlbəttə ki, cəkisinin göstəricisidir. Cox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verən Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri yüksək səviyyədə keçirməklə, dünyanın diqqətində olur. Sözsüz ki, bu cür tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir.
Paytaxt Bakımızda Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə kecirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu regionda aparıcı aktora çevrilən Azərbaycanın beynəlxalq nüfuzunu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynadığını bir daha ortaya qoyur.
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, son illər ərzində çox əla işlər aparmışdır və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir”. Bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. Dövlətimizin başçısı bildirib: “Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir. Orada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur”.
Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Məhz bu tərkibdə olan insanların bir araya gələrək parçalanmış dünyada olan bütün maneələrə qarşı birgə mübarizə aparmaqda əhəmiyyətlidir. Builki Forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əks etdirir: “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”.
Bu gün Azərbaycan regionda mühüm söz sahibi və sabitləşdirici qüvvə kimi çıxış edərək, beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verir. 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə və ərazi bütövlüyünün bərpası ölkəmizə olan marağı daha da artırıb. Strateji coğrafi mövqeyi sayəsində Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat və logistika qovşağına çevrilib. Ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında regionda sabitliyin və inkişafın təmin olunmasına çalışır. Prezident İlham Əliyevin qətiyyətli liderliyi, etibarlı siyasəti və yaradılan əlverişli biznes mühiti Azərbaycanın beynəlxalq nüfuzunun və tərəfdaş ölkələrlə əməkdaşlıq imkanlarının durmadan genişlənməsini təmin edir.
Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edib. İki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. “Biz Cənubi Qafqazda sülh qurmalıyıq”, - deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin müəllifidir. Bildirib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb.
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında onilliklərlə erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilərdən danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “...biz bu məsələləri Ermənistan nümayəndələri ilə, onların Brüsseldə əyləşən yeni rəhbərləri ilə qaldırırıq. İndi onlar böyük qardaşını dəyişiblər. İndi həmin o böyük qardaş Brüsseldir. Prezident Tramp Dövlət Departamentində belə bir addım atdı ki, USAID ləğv olundu, korrupsiyaya uğramış siyasətçi Robert Menendes də cəzalandırıldı. Amma o, sonuncu olmalı deyil. Yəni, necə deyərlər, bir qaranquşla bahar olmaz? Çünki onlar pulları onlardan alıb ciblərinə qoyurlar. Məsələn, cənab Adam Şif, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri. Onlar onilliklərlə erməni diaspor təşkilatlarından ABŞ-da o pulları alırdılar ki, Azərbaycana hücum çəksinlər, gözdən salsınlar”.
Ümumilikdə isə, XII Qlobal Bakı Forumu ölkəmizin beynəlxalq nüfuzunun artmasında növbəti uğurlu addım olmuşdur.


Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.