Azərbaycan və Çin dövlət başçıları arasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır
Bu gün, 15:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin Sinxua
agentliyinə məxsusi müsahibəsi ölkə başçısının ÇXR-na səfəri ərəfəsində
böyük maraqla qarşılanib.
Müxtəlif sahələrə aid sualları cavablandıran Prezident İlham Əliyev öz
müsahibəsində Azərbaycan–Çin arasındakı dostluq və əməkdaşlıq
əlaqələrinə geniş yer ayırıb. Ölkə başçımız xarici siyasət prioritetlərinə
toxunarkən Azərbaycan və Çin siyasətləri arasında və istənilən digər
istiqamətdə bir çox oxşarlıqların olduğunu bildirib. Qeyd edib ki, qədim
tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri
yüksələn xətlə inkişaf edir, bizim strateji tərəfdaşlığımız isə yeni müsbət
məzmunla zənginləşir.
Prezident İlham Əliyev Çin Xalq Respublikasınını Prezidenti Si
Cinpinlə görüşlərinə toxunaraq bildirib ki, ÇXR-in Sədri Si Cinpinin dəvəti
ilə 2014 və 2015-ci illərdə Çinə işgüzar səfərdə olub, 2019-cu ildə isə
Pekində keçirilən İkinci “Kəmər və yol” beynəlxalq əməkdaşlıq forumunda
iştirak edib. Sədr Si Cinpin ilə görüşləri və səmərəli müzakirələri böyük
məmnuniyyətlə xatırlayıb.
Dövlətimizin başçısı qeyd edib ki, fəal dialoq, şəxsi görüşlər, telefon
danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və
etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır.
Müsahibədə qeyd edilib ki, ötən il iyulun 3-də Astanada keçirilən
Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “Azərbaycan
Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın
qurulması haqqında Birgə Bəyannamə” qəbul olunubdu. Bəyannamədə
xüsusi olaraq qeyd edildi ki, 1992-ci il aprelin 2-də diplomatik
münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox
səmərəli nəticə verib.
Bununla yanaşı, iki dövlət başçıları razılığa gəliblər ki, gələcəkdə də
əməkdaşlıq əlaqələri genişləndirilsin, beynəlxalq məsələlərdə qarşılıqlı
fəaliyyəti möhkəmləndirilsin, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə
edilsin, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə
təşviq edilsin. Birlikdə bəyan edildi ki, Azərbaycan və Çin arasında strateji
tərəfdaşlıq qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı
fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində
qurulacaq. Birgə Bəyannamədə, həmçinin təsdiq edildi ki, iki dövlət bir-
birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili
işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn
müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşdırlar.
Ölkə başçısının qeyd etdiyi kimi, Prezident İlhan Əliyev və ÇXR-in
Sədri Si Cinpin Astanadakı görüşləri və onun yekunlarına dair qəbul edilən
Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni
səhifə açır.
Dövlətimizin başçısı, həmçinin bildirib: “ÇXR-in Sədri Si Cinpin ilə
ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan
Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu,
böyük nailiyyət, böyük məsuliyyətdir”. Prezident İlham Əliyev
yüksəksəviyyəli səfərlər mübadiləsinin dövlətlərarası münasibətlərimizin
dərinləşməsi prosesinə əlavə impuls verəcəyinə inandığını vurğulayıb.
Vurğulanıb ki, dövlət başçıları tərəfindən iki dost ölkə arasında
qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi
əhəmiyyət veririr və ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın
xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir. Bu gün
əminliklə demək olar ki, Azərbaycan və Çin arasında münasibətlər çox
müsbət dinamikaya malikdir. 2024-cü ildə hökumət və parlamentin
yüksəkvəzifəli üzvləri, nazirliklərin və idarələrin, Baş Prokurorluğun
rəhbərləri, həmçinin Prezident Administrasiyasının və Yeni Azərbaycan
Partiyasının mərkəzi aparatının rəsmi nümayəndələri Çində səfərdə
olublar.
Ötən il Çinin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsi
sədrinin müavini və Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri
Azərbaycana səfər ediblər. ÇXR Baş nazirinin müavininin BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasında – COP29-da iştirakı əlamətdar hadisə oldu. Bu tədbirdə 196
dövlətin, 150 beynəlxalq təşkilatın və BMT strukturlarının, həmçinin
təxminən 2 min QHT-nin nümayəndələri iştirak etdilər. İnkişaf etməkdə olan
ölkələrə iqlim maliyyəsinin ayrılması, İtki və Zərər Fondunun fəaliyyətə
başlaması, həmçinin Paris Sazişinin 6-cı maddəsinin tam reallaşdırılması
COP29 çərçivəsində qəbul edilən mühüm qərarlardır.
Azərbaycan COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı
inkişaf arasında əlaqəni əhatə edən 14 qlobal təşəbbüslə çıxış edib və
onlar geniş beynəlxalq dəstək alıb. Əldə olunan razılaşmalar, dəstəklənən
təşəbbüslər və qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi və dünyanın
iqlim gündəliyi üçün müstəsna əhəmiyyətə malikdir.
Dünya ictimaiyyəti üçün belə bir mühüm tədbirdə Azərbaycana qarşı
bəzi Qərb dairələri tərəfindən genişmiqyaslı əsassız təzyiq və boykot
kampaniyalarına baxmayaraq, Azərbaycan bir daha güclü siyasi iradə və
peşəkarlıq nümayiş etdirdi. Bu da öz növbəsində konfransı yüksək
səviyyədə keçirməyə, tarixi nəticələr əldə etməyə və çoxtərəfli danışıqlarda
əsl sıçrayışa imkan verdi. Ölkə başçısı müsahibəsində ötən ilki beynəlxalq
tədbirdə fəal iştirakına və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə
qiymətli töhfəsinə görə Çinin nümayəndə heyətinə öz minnətdarlığını
bildirdi.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası