Səbaildə ilk dəfə püstə bağı salınır

8-12-2016, 13:49           
Səbaildə ilk dəfə püstə bağı salınır
teref.az - Şərq ölkələrinin qiymətli bitkisi sayılan püstə vaxtı ılə Azərbaycanda, o cümlədən Abşeron yarımadasında çox geniş surətdə yayılmışdı. Bu ağacın əsl vətənlərindən biri də məhz Abşeron hesab edilir. Yarımada püstə ağacının normal inkişaf edib, bol məhsul verməsi üçün çox əlverişli şəraitə malikdir.

Lakin təəssüflər olsun ki, bir zamanlar Bakının bir çox qəsəbə və kəndlərində məhsuldar və faydalı bitki kimi istifadə edilən bu qiymətli bitkiyə hazırda Abşeronda nadir halda təsadüf olunur.

Qədim ənənələri bərpa edərək püstəni öz qədim vətənində əkilməsini genişləndirmək, həmçinin yerli iqlimə uyğunluğunu nəzərə alaraq ərazinin yaşıllaşdırılmasında istifadə etmək məqsədi ilə ilk dəfə olaraq Səbail rayonu «Şıx» yamacında salınan və hazırda ümumi sahəsi 29 hektara çatan «Ekoloji park»ın ərazisində əkilmiş şam ağacları ilə yanaşı ilkin olaraq 1 hektar sahədə Səbail Rayon İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə birgə püstə bağı salınması qərara alınmışdır. Yamacda təcrübə qaydasında xaricdən gətirilən tinglər əkilərək onlara daimi qulluq göstərilməsi və damcı üsulu ilə suvarılması üçün su xətləri çəkilmişdir. Ağacların inkişaf prossesı normal olduqdan sonra isə bu ərazıdə yaradılan Abşeronda ilk püstə bağı daha da genişləndiriləcəkdir.

«Şıx» yamacında aparılan işlərlə yanaşı rayonun digər ərazilərində də genişmiqyaslı abadlıq işləri də davam edir. Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində, tikilən su anbarlarının yaxınlığında uzun illərdən bəri saxta sərəncamlarla zəbt olunmuş torpaq sahələrinin təmizlənməsi, burada qanunsuz aparılan tikintilərin sökülərək torpaqların dövlətə qaytarılması işləri həyata keçirilir. Burada zəbt olunmuş torpaq sahələrinin hasarları sökülərək 6 ha ərazi daş və digər tullantılardan təmizlənmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin Bibiheybət qəsəbəsinin «Şıx» yamacında və eləcə də Badamdar qəsəbəsində yaşıllıqların salınması ilə bağlı verdiyi tapşırıqlara əsasən Heydər Əliyev Fondunun dəstəyi ilə burada yerli iqlimə və bu ərazinin relyefinə daha çox uyğun olan zeytun ağaclarının əkilərək böyük bir bağın salınması prossesinə başlanmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən ağacların əkilməsi və onlara gündəlik qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Ümumilikdə yalnız bu ərazidə 12 mindən çox zeytun ağacının əkilməsi planlaşdırılmışdır.

teref.az xəbər verir ki, ərazidə abadlıq və yaşıllaşdırma işləri davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.