İsmayıllıda “Azərbaycanda multikultural dəyərlər, mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı” mövzusunda konfrans keçirilib FOTO
9-12-2016, 12:40
teref.az - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə bu sahədə əldə olunmuş uğurlar yerli və beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılır.
İsmayıllı tarixən müxtəlif xalqların dinc yanaşı yaşadıqları inzibati ərazilərdən biri kimi Azərbaycan multikulutralizminin parlaq ənənələrini özündə yaşadır. Rayonda mövcud olan tolerant və multikultural dəyərlər təbliğ və təşviq olunur.
Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı” mövzusunda konfrans keçirilib.
Konfransda bölgə üzrə etnik-dini icmaların nümayəndələri, respublika miqyaslı və yerli kütləvi informasiya vasitələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, ağsaqqallar və gənclər iştirak edib.
Konfransdan öncə qonaqlar və rayon rəhbərliyi ulu öndərin abidəsi üzərinə gül dəstəsi qoyub, Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunmuş sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli konfransın rəsmi açılışını edib.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqları və konfrans iştirakçılarını salamlayaraq belə bir mötəbər tədbirin İsmayıllıda keçirildiyinə görə Prezident Adminstrasiyasına və Respublika Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbərliyinə minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin aparıcı məsləhətçisi Müzəffər Talıblı “Multikulturalizm Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti kimi”,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir”, “Trend” İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyev “Multikultural dəyərlərin təşviqində medianın rolu” mövzusunda məruzə ediblər. Məruzələr ətrafında etnik dini icmaların və ictimaiyyətin nümayəndələrindən İvanovka kənd tam orta məktəbinin tarix müəllimi Nadejda Jabina, Qalacıq İƏD üzrə nümayəndə Təbriz Eminov, QMİ-nin Şamaxı-Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhməd Mustafayev, Lahıc qəsəbə tam orta məktəbinin müəllimi Dadaş Əliyev, “Cümə” məscidinin axundu Elnur Yusifov, din xadimi Ağakərim Novruzov çıxış edərək tolerantlığın və multikulturalizmin İsmayıllıda və ətraf bölgələrdə tarixən mövcudluğu barədə məlumat verib, cənab Prezidentin bu sahədə apardığı uğurlu siyasətin təbliği və təşviqi sahəsində öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər.
Qonaqlar və konfrans iştirakçıları rayonda yeni açılmış “Bilik evi” və “Multikulturalizm mərkəzi ” ilə tanış olublar.
teref.az