İsmayıllılar “Ana harayı” abidəsinə yürüş etdilər FOTO

27-02-2017, 01:55           

teref.az - İsmayıllıda Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsinə kütləvi yürüş edilib. 26 fevral 2016-cı il tarixədək Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil orta məktəblərində tədbirlər, ədəbi-bədii kompozisiyalar, yürüşlər, rəsm və inşa müsabiqələri, şəhidlərin xatirəsinə həsr olunmuş idman turnirləri keçirilib.
26 fevralda saat 10-da mərkəzi meydanda toplanmış 5000 nəfərdən çox İsmayıllı sakini Rayon İcra Hakimiyyətinin rəhbərliyi öndə olmaqla “Ana harayı” abidəsinə doğru hərəkət edib.
İştirakçılar əllərində faciə səbəbkarlarını lənətləyən, gəncləri mübarizəyə səsləyən plakatlar tutaraq mərkəzi meydandan soyqırım abidəsinədək yürüş ediblər. Abidənin qarşısında rayon ağsaqqalı Valeh Salehov, veteranlar şurasının sədri Əlaləm Babayev, Xocalı sakini Zakir Bəndəliyev, Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov həmin faciənin dəhşətlərindən danışaraq qisas gününün yaxın olduğunu bildiriblər. Ağdam 30 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı kompozisiya nümayiş olunub. Faciədə həlak olanların və şəhidlərin ruhuna dualar oxunub. Sonra “Ana harayı” abidəsinin və Qarabağ müharibəsində şəhid olan vətən övladlarının adları yazılmış lövhələrin önünə gül dəstələri qoyulub.
Yürüş-ziyarətdən sonra İsmayıllı şəhər Mədəniyyət mərkəzində Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.