Şər-böhtanla uzağa getmək olmaz
28-02-2017, 10:28

teref.az - Haqlı, ədalətli, obyektiv mövqedə olan saytlarda neqativlər barədə çıxan yazılarımla maraqlanan oxucularım, təbiidir ki, vardır. Onların varlığını arzulayıb, pozitivlərdən yazmaq istəyirdim ki, bir neçə şər-böhtan toplusu kimi tanınan saytların əməkdaşlarının toyuq kimi köhnə tullantı içində eşələnməyinə rast gəldim. Səhifənizi çirkləndirməmək üçün adı qalmışların adını çəkmək istəmirəm. Üç-dörd il bundan əvvəl İsmayıllı rayon icra hakimiyyəti başçısının ünvanına yönəldilmiş iftiranı, yalanı, böhtanı bu gün tirajlamaqla “jurnalist” nə demək istəyir? “Naəhl olana mətləbi andırmaq olurmu?” Mirzə Ələkbər Sabir o zaman üçün yazırdı. Köhnə palan içi tökənlərə də bu gün həmin ifadə tamamilə aiddir. Bildiyimə görə 3 il-3 il yarım bundan əvvəl həmin cəfəngiyyatların cavabı verilib.İndi istəkləri nədir? Yazılarda adı çəkilməyən müəlliflərdən biri “Gündəlik Bakı”nın nökəri idi. “Kend.info” da çox əllaməlik edirdi. Təhqirin bütün forma və vasitələrindən istifadə edib, ləyaqətli insanları şərləyirdi. Belə hərəkətləri Allah da görür, qanun da. Lazım gələndə hər şeyi yerbəyer edir.
Çaşıb özlərini öz cızmaqaraları ilə bataqlığa salırlar.Subsidiyaların verilməsi ilə əlaqədar monitorinq 2013-cü ildən sonra yox, 2011-ci ildə keçirilib.Böyük rəqəm görüb böyük də qazanc götürmək üçün böhtanın dozasını artırırlar. Nəfs gözlərini o qədər kor, qulaqlarını o qədər kar edib ki, rayon icra hakimiyyyəti başçısının kənd təsərrüfatı üzrə müavini vəzifəsinin çoxdan ləğv olunduğunu da bilmirlər. Olmayan vəzifəni Həsən Həsənov necə daşıya bilər?
Əyri qələm sahibləri öz hikkələrini yeritmək, öz qamarlamaq məqsədinə çatmaq üçün hər şeyi inkar edirlər. Yazılar ki, “ayrılan dəstək puluna rəğmən məhsuldarlığın gözlənildiyindən kəskin aşağı olması, nazirliyi hərəkətə gətirib”. Hansı ildə? Məlum deyil. ”Xəbərtv.com” saytı olaraq dəqiqləşdirmə apardıq. 2015-ci ildə 104 min 300 ton, 2016-cı ildə 102 min 400 ton taxıl istehsal olunub. Hektarın məhsuldarlığı 34 sentnerdən çox olub. Yaxşılığa göz yumanlardan fəqli olaraq mən müsbət halları daha çox görməyə çalışıram.
“Azərbaycan” qəzetinin 15-16 fevral tarixli nömrələrini oxumağa savadı çatsa, böhtan, şər müəllifləri dərk edərlər ki, İsmayıllıda vətəndaşların qəbulu ən yüksək səviyyədə keçirilir, Dövlətin müəyyən etdiyi imtiyazlar hər bir ünvana çatdırılır.
Həftə ərzində saytlarda məlum məqsədlə tirajlanan uydurma rəqəmlərin hamısı barədə şərh verməyi vacib saymıram. Bircə onu qeyd etmək istəyirəm ki, “Su və Kanalizasiya Şəbəkəsinin Yeniləşdirilməsi İkinci Layihəsi”nin dəyəri 40 milyon yox, deyilənə görə 83 milyon manat həcmində olub. Həmin iş də Mirdaməd Sadıqov icra hakimiyyəti başçısı gələnədək başa çatıb. RİH-dən aldığım məlumata görə həmin layihənin icrası ilə bağlı indiki başçı heç bir sənədə qol çəkməyib. Bu işlər əvvəlki zamana aiddir. Əslində su və kanalizasiya xətlərini çəkməkdən ötrü küçələri dağıdan təşkilat özü düzəltməli idi. Lakin elə bərbad vəziyyətdə də qoyub getdi. Həmin işləri görmək də indiki rəhbərliyin üzərinə düşdü. İsmayıllı şəhərində əsla su probleminin olmadığını deməyə də borcluyam. Bir rayon sakininə deyirlər sirayonda su verilmir deyə soruşdum. Aldığım cavab: ”Su verilmir” deyən fərdlər gəlsinlər bizim məhləyə, suyu yönəldim onların sifətinə . Təyziq gözünü deşməsə, yazdıqlarını hamiya həqiqət kimi qəbul etdirim. “Qeyri-qanuni olaraq, saxta müqavilələrlə pensiya yaşında olan adamları – Valeh Salehovu, Fərman Bəşirovu, Bəhram Tarverdiyevi yanına gətirib, sovet ideologiyası ilə rayonu idarə edir” yazan nadan bilməli idi ki , B.Tarverdiyev 3 ildir ki, dünyasını dəyişib. Rəhmətlik Əməkdar meşəçi, təbiəti övladı qədər sevən bir kişi olub. Sağlığında başçı onun potensialından təbiətin qorunmasında, meşələrin bərpasında istifadə edib. Qalan iki nəfər isə dövlətə minnətdar olaraq bədxahların acığına tanrı qismət edən həyatı yaşamaqda davam edirlər.
27 fevral 2017-ci il tarixdə keçirilən hesabat iclasında əldə olunan uğurlardan, perspektiv layihələrdən ətraflı danışılıb. Ağsaqqal ziyalı və veteran jurnalist kimi mən də oraya dəvətli idim. Bir daha şahid oldum ki, kənardan gələn yad, cır səslərə baxmayaraq, İsmayıllı rayonunun karvanı inamla irəliləyir. Mən bunun şahidiyəm. Siz də şahid olmaq istəyirsinizsə “etibarlı mənbə”nizi, çayxana söhbətlərini bir yana qoyub, İsmayıllı RİH-nin saytına baxın. Ədalətli sayt və qəzetlərdə gedən yazıları oxuyun.
Vahid Xəlilov
Veteran jurnalist
teref.az