Azay Quliyev Avropa Parlamentinin ikibaşlı tövsiyəsini ŞƏRH ETDİ

12-07-2017, 13:32           
Azay Quliyev Avropa Parlamentinin ikibaşlı tövsiyəsini ŞƏRH ETDİ
Avropa Parlamenti BMT Baş Assambleyasının sentyabrın 12-də keçiriləcək 72-ci sessiyasına tövsiyələr verib.
Modern.az-ın məlumatına görə, tövsiyələrdə ölkələrin beynəlxalq təşkilatlar tərəfindən tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmətlə bağlı çağrışlar qeyd olunub.

Sənəddə əsasən Şərqi Avropa, Cənubi Qafqaz ölkələri - Moldava, Ukrayna, gürcüstanın ərazi bütövlüyünün pozulduğu vurğulanıb.

Lakin təəssüflər olsun ki, Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın 20 %-nin Ermənistan tərəfindən işğal edildiyi barədə məqamlar Avropa Parlamentinin tövsiyəsində yer almayıb. Sadəcə olaraq, Dağlıq Qarabağ ərazisindəki davamlı insidentlərin aradan qaldırılması, insan hüquqlarının qorunması, ərazi bütövlüyü və yerli xalqların öz müqəddıratını təyin etməsi üçün davamlı diplomatik səyləri dəstəkləməyin vacibliyi vurğulanıb. Lakin burda heç bir işğal faktı qeyd olunmayıb.

Məsələ ilə bağlı ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev Modern.az-a açıqlamasında deyib ki, Avropa Parlamenti əvvəlki illərdə, xüsusilə 2011-2012-ci illərdə qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyinin tanınması ilə bağlı özünün konkret mövqeyini ortaya qoyub.

“Həmçinin, Avropa Parlamentinin qətnamələrində Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi açıq şəkildə bildirilib. Bununla bağlı Ermənistana çağırış da olub ki, işğalı dayandırsın. Bu gün beynəlxalq hüquq, sənədlər tam şəkildə Azərbaycanın tərəfindədir. Həmçinin Azərbaycanın ərazi bütövlüyü BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamədə, xüsusilə ATƏT Parlament Assambelyasının (PA) 2015-ci ildə Helsinkidə qəbul etdiyi yekun sənədində və bəyamnaməsində açıq şəkildə qeyd edilib. Həmin bəyamnamədə qeyd edilib ki, Azərbaycanın, Gürcüstanın, Ukraynanın və Moldovanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suverenliyi qorunmalı və hörmət olunmalıdır. Həmçinin 14 mart 2008-ci il tarixində BMT Baş Məclisi özünün 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair” A/RES/62/244 saylı qətnamə qəbul edib. Bu qətnamədə də açıq şəkildə Azərbaycanın ərazi bütövlüyü məsələsi əks olunub”.

Azay Quliyev qeyd edib ki, bəzi beynəlxalq təşkilatlar Gürcüstan, Ukrayna, Moldovanın ərazi bütövlüyünün, suverenliyinin qorunması məsələsində hər zaman prinsipial mövqe sərgiləyib.

“Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin qorunması məsələsinə gəldikdə isə müəyyən mənada fərqli fikirdə olub, eyni canfəşanlığı etməyiblər. Ona görə də Azərbaycan öz müqəddaratı, maraqları, ərazi bütövlüyü ilə bağlı işi daha da genişləndirməlidir. Hesab edirəm ki, bir neçə gün bundan əvvəl ATƏT PA kimi təşkilatın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təsdiq etməsi həmin cəhdlərə bir cavabdır. ATƏT yeganə qurumdur ki, məhz Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı mandatı var. Münaqişənin sülh yolu ilə həllinə kömək etməyə çalışır. Əleyhimizə olan digər bütün cəhdlər müəyyən dairələrin təxribat xarakterli hərəkətləridir. Əminəm ki, bu təxribatların qarşısı layiqincə alınacaq. Mən Azərbaycanla bağlı hansısa mənfi bir maddənin qəbul ediləcəyinə inanmıram. Bunun da əsasını görmürəm. Bu beynəlxalq hüquqa tamamilə ziddir.
Hesab edirəm ki, BMT Baş Assambleyası BMT Təhlükəsizlik Şurasının qətnamələrini əsas tutaraq, özünün əvvəlki qərarlarına və qətnamələrinə istinad edərək, hansısa növbəti təxribatın qarşısını alacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.