İsmayıllıda yeni uğurlu nəticələrin təntənəsi olan Təhsil bayramı keçirilib.
1-09-2017, 21:23
teref.az - İsmayıllı təhsili ənənələri novatorluqla yaşadaraq nəticələri ildən-ilə artırır. Bu il tam orta məktəbləri 777 nəfər bitirib. Onların 470 nəfəri universitetlərə sənəd verib. 354 nəfər qəbul olunub. Lahıc qəsəbə tam orta məktəbinin məzunu Vahab Cəbrayılov ən yüksək zirvəyə-700 bala çatıb. 26 nəfər 600-700, 60 nəfər 500-600 arası bal toplayıb. 3 nəfər Qızıl,1 nəfər Gümüş medala layiq görülüb.Digər göstəricilər də yüksələn xətt üzrə davam edib.
İsmayıllı Rayon İcra Hakimiyyəti təhsil şöbəsi ilə birgə şəhər mədəniyyət mərkəzində məzunların uğurlarına həsr olunmuş, müvəffəqiyyətləri təqdir edən Təhsil bayramı keçirib.
İlk çıxışı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov etmiş, gənclərə, onları yetişdirən müəllimlərə səmimi təbriklərini ünvanlayıb. Qızıl və Gümüş medal alanlara, onların təhsil aldığı məktəblərin direktorlarına, müvəffəqiyyəti daha çox olan bir qrup müəllimə Mirdaməd Sadıqov xüsusilə fərqlənən qiymətli hədiyyələrini təqdim edib.
Millət Vəkili, İsmayıllının inkişafında fəal iştirak edən Novruzəli Aslanov yeni tələbələri təbrik etmiş, fərqlənənləri hədiyyələrlə dəyərləndirmişdir. 26 nəfər 600-700 bal toplayan tələbəyə hədiyyələri Mirdaməd Sadıqov və Novruzəli Aslanov təqdim ediblər.
Test imtahanlarında 500-600 bal toplayan 60 nəfər tam orta məktəb məzununu da rayon icra hakimiyyəti qiymətli hədiyyələrlə mükafatlandırıb.
Rayon təhsil şöbəsinin müdiri Əməkdar müəllim Rasim Orucov,Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu,700 bal toplayan Vahab Cəbrayılov, Belorus Respublikası nümayəndə heyətinin rəhbəri Valeriy Lazyuk və valideyin Rövşən Ağayev çıxış ediblər. Sonra bayram konserti olub.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov dövlət qulluqçuları günündə “Tərəqqi” medalı ilə təltif olunmuş İsmayıllı şəhər İƏD üzrə nümayəndə Məhərrəm Əhmədova medalı təqdim etmişdir.
Bayram iştirakçıları mədəniyyət mərkəzinin foyesində təhsil uğurlarını əks etdirən sərgiyə baxıblar.