Kaşıkçının qətlində şübhəli olanlarla şahzadə Salmanı nə bağlayır? - YENİ FAKTLAR AŞKARLANDI
18-10-2018, 06:48

Səudiyyəli jrnalist Camal Kaşıkçının ölümündə şübhəli bilinən bəzi şəxsləri ilə Səudiyyə Ərəbistanının şahzadəsi bin Salmanın əlaqələri olduğu meydana çıxıb. “Nyu York Tayms” qəzeti 15 nəfərlik şübhəli qrupun içərisindən 5 nəfərin vəliəhd şahzadə ilə əlaqəsi olduğunu yazıb. Qəzet bu yaxınlığı fotofaktlarla isbat edib.
Şübhəlilərdən biri olan Maher Əbdüləziz Mutreb bir çox xarici səfərlərdə şahzadə Salmanı müşayiət edib. Mutreb, 2017-ci ildə Səudiyyə Ərəbistnının Londondakı səfirliyində diplomat vəzifəsinə təyin edilib.
Şübhəlilərdən digər üçünün Səudiyyənin vəliəhd şahzadəsinin mühafizə xidmətinə bağlı olduğu iddia edilib. Onlardan ikisinin – Krallığın mühafizə xidmətinin əməkdaşları olduqları bildirilən Məhəmməd Saad Əl Zahrani və Thaar Ghaleb T. Alharbinin Səudiyyə Ərəbistanının rəsmi televiziyası olan “Exbariyyə”də göstərilmiş təsvirləri var.

Beşinci şübhəlinin isə Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyi və səhiyyə idarələrində yüksək vəzifə sahibi olan bir məhkəmə tibbi ekspertiza mütəxəssisi olan doktor Salah əl Tubaiqi olduğu qeyd edilib. Qəzet vurğulayıb ki, bu ölkədə bu cür yüksək vəzifələrə təyin edilmək üçün Səudiyyə rəhbərliyi ilə birbaşa əlaqələr olmalıdır.

“Nyu York Tayms” qəzeti şahzadə Salman ilə bu şübhəlilər arasındakı bağdan bəhs edilən yazıda bildirir: “Türkiyənin açıqladığı kimi, bu şübhəlilər Camal Kaşıkçının itkin düşdüyü 2 oktyabr tarixində konsulluqda idilərsə, o gün orada baş verənlər birbaşa şahzadə Salmanla əlaqəli ola bilər. Əgər bu meydana çıxarsa, “sərsəri qatillər” fərziyyəsi də çürüdülmüş olar”.
Xəbər verdiyimiz kimi ötən günlərdə “Vaşinqton Post” qəzeti ABŞ prezidennti Donald Trampın “sərsəri qatillər” açıqlaması ilə Riyad hökumətinə çıxış yolu təmin eləməyə çalışdığını yazmışdı. Tramp demişdi: “Mənim fikrimcə, bu işin arxasında sərsəri qaillər ola bilər”.
“Nyu York Tayms” qəzeti adının açıqlanmasını istəməyən türk əməkdaşın məlumatına istinad edərək, 15 nəfərlik bir sui-qəsdçi qrupun oktyabrın 2-də İstanbula təyyarə ilə gəldiyini, Kaşıkçını edam elədiyini, bədənini parçaladığını və eyni gündə ölkəni tərk elədiklərini və Kaşıkçının konsulluğa daxil olandan sonra iki saat ərzində öldürüldüyünü bildirib. Mənbə həmin 15 nəfərin hamısının Səudiyyənin xüsusi xidmət orqanlarının işçiləri olduğunu da deyib.
Hurriyyet.org