Səhradakı konfransa növbəti rədd cavabı: “GƏLMƏYƏCƏYİK”

18-10-2018, 17:09           
Səhradakı konfransa növbəti rədd cavabı: “GƏLMƏYƏCƏYİK”
Fransanın iqtisadiyyat naziri Bruno Le Mer Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın himayəsi altında, 23-25 oktyabr tarixində Riyadda keçiriləcək “Gələcəyə sərmayə” (FII) investisiya konfransında iştirak eləməyəcəyini bildirib. Le Mer prezident Emmanuel Makronun ötən həftədəki açıqlamasını xatırladaraq deyib: “Törədilən əməllər çox ağırdır. Bütün qaranlıq nöqtələr aydınlığa çıxmalıdır. Belə bir vəziyyətdə mən Riyada getməyəcəyəm”.

Le Mer bu qərarın Fransa ilə Səudiyyə Ərəbistanı arasındakı strateji ortaqlığı hədəfə almadığını da xatırladıb.

“Səhradakı Davos” adlandırılan konfransa iştirak məsələsində Fransadan ilk rədd cavabları dünən səsləndirilmişdi. “BNP Paribas” bankının direktorlar şurasının sədri Jan Lemyer (o həm də 2000-2008-ci illərdə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti olub) və “Societe General” bankının baş direktoru Frederik Oudea (həmçinin 2015-ci il yanvarın 1-dən Avropa Bank Federasiyasının prezidentidir) konfransda iştirak eləməkdən vaz keçdiklərini açıqlamışdı.

Beynəlxalq Valyuta Fondunun (IMF) sədri Kristin Laqard (əvvəllər Fransanın maliyyə və iqtisadiyyat naziri olub) da dünən verdiyi açıqlamada konfransda iştirak eləməyəcəyini bildirmişdi.

“Vaşonqton Post” qəzetinin səudiyyəli əməkdaşı Camal Kaşıkçının aqibətinin naməlum qalması səbəbindən ABŞ-ın ən böyük maliyyə təşkilatlarından olan “JP Morgan Chase” təşkilaının baş direktoru Ceyms Daymon, “Blackrock”un baş direktoru Lourens Fink, London birjasının baş direktoru Stepan Şvarsman və digərləri həftənin əvvəlindən bəri Riyaddakı konfransda iştirak eləməkdən vaz keçdiklərini bildirmişdilər.

Səudiyyəli jurnalist Camal Kaşıkçının oktyabrın 2-də İstanbuldakı Səudiyyə Ərəbistanı baş konsulluğuna daxil olmasından sonra itkin düşməsi ilə əlaqədar imtina cavablarına rəğmən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin salman ölkəsinin 2030-cu il hədəfini tanıtmaq məqsədi ilə ötən il start verdiyi FII konfransını keçirib-keçirməyəcəyi maraq doğurur.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.