ABŞ Konqresində Azərbaycan qalmaqalı: - Bonerin gizlətdiyi hesabat açıqlandı

8-10-2015, 15:21           
ABŞ Konqresində Azərbaycan qalmaqalı: - Bonerin gizlətdiyi hesabat açıqlandı
ABŞ-da Konqresin Nümayəndələr Palatasının spikeri Con Bonerin istefasından sonra Azərbaycana dair qalmaqal yenidən qızışıb.

Virtualaz.org saytı “The Houston Chronicle” qəzetinə istinadən xəbər verir ki, bir qrup konqresmenin 2013-cü ildə energetika məsələlərinə və ABŞ-Azərbaycan münasibətlərinə həsr edilmiş konfransa qatılmaq üçün 2013-cü ildə Bakıya etdikləri səfər barədə Konqresin müstəqil nəzarət orqanı - Office of Congressional Ethics (OCE) (Konqressional Etika Ofisi) tərəfindən hazırlanan, ancaq Konqresin etika komissiyası tərəfindən açıqlanmasına qadağa qoyulan hesabat açıqlanıb.

Həmin konfransın təşkilatçıları “Turquoise Council of Americans and Eurasians” və “Assembly of the Friends of Azerbaijan” adlı qeyri-hökumət təşkilatları olub.

Daha sonra üzə çıxıb ki, konqresmenlərin Bakıya səfərlərinin və konfransın sponsor SOCAR-dır. SOCAR bu konfransın təşkili üçün Azərbaycanın Dostları Assambleyasına və “Turkuaz”a 750 min dollar ödəyib.

Konqresin etika prinsiplərinə görə isə konqresmenlər xarici korporasiyalardan və hökumətlərdən bu və ya digər formada bahalı hədiyyələr qəbul edə, onların hesabına səfərlərə çıxa və istirahət edə bilməz.

Bu hesabatın yayılmasını spiker Con Bonerin əngəllədiyi bildirilir. Etika komissiyası bir neçə ay əvvəl bu səfərə dair araşdırmaları yekunlaşdırdığını və Bakıya səfər edən konqresmenlərin etika qaydalarını pozduğuna dair birmənalı sübutların olmadığını bildirmişdi.

Komissiyanın bəyanatında deyilirdi ki, Bakıya səfər edən konqresmenlər vəsaitin SOCAR tərəfindən ödənildiyindən xəbərsiz olublar. Bu səfər zamanı konqresmenlər 3500 dollar qiyməti olan xalçalar və bahalı çay servisləri hədiyyə alıblar.

Xəbər verilir ki, Etika Ofisinin Bakıda keçirilən həmin mübahisəli konfrans barədə geniş hesabatı baxılmaq üçün ABŞ Ədliyyə Departamentinə təqdim edilib. Departament hesabat əsasında konqresmenlərin SOCAR-ın pulu ilə Bakıya səfər edib hədiyyələr almasının korrupsiya olub-olmadığını araşdıracaq.

Qəzetin yazdığına görə, Bakıdakı konfransı təşkil edən hər iki təşkilat Kamal Öksüz adlı Türkiyə vətəndaşı ilə bağlıdır. Həmin Kamal Öksüz ki, onu Fətullah Gülən təriqətinin Amerikadakı əsas lobbiçilərindən biri kimi tanıyırlar.

Etika Ofisi bildirir ki, onun hazırladığı hesabata iyul ayında Konqresin etika komissiyası məhdudiyyət qoyub. Lakin indi spiker Bonnerin istefasından sonra Etik Ofisi qeyri-adi addım ataraq hesabatı özü yaymağı qərara alıb.

Hesabatda SOCAR-ın həmin konfransı təşkil edən təşkilatlarla bağlılığına dair sübutlar əksini tapır.

Sənəddə göstərildiyinə görə, konfransda iştirak edən bütün konqresmenlər və Konqres əməkdaşları xalçalar və digər bahalı hədiyyələr alıblar. Bu isə federal qanunların və Konqresin qaydalarının pozulmasıdır.

Etika Ofisi ilə əməkdaşlıq edən konfrans iştirakçısı, Texas ştatından konqresmen Ruben İnohosa təsdiq edib ki, Bakıda ona böyük xalça və bir neçə kiçik namaz xalçası hədiyyə ediblər.

O, geri qayıdandan sonra namaz xalçalarını xeyriyyə məqsədi ilə verib, böyük xalçanı isə Konqresdəki ofisinə qoyub. Texasdan olan digər konqresmenlər Şeyla Cekson və Ted Po isə Etika Ofisinin suallarına cavab verməyiblər.

Etika Ofisi 2008-ci ildə yaradılıb, konqresmenlər barədə şikayətləri araşdırır və gəldiyi nəticələri Konqresin etika komissiyasına təqdim edir. Azərbaycan məsələsinə gəldikdə isə Konqres Etika Ofisinin işini yekunlaşdırmasını gözləmədən öz etika komissiyasına araşdırma aparmağı tapşırıb. Nəticədə Konqresin etika komissiyasının hesabatı yumşaq alınıb. Etika Ofisinin hesabatında isə qalmaqallı konfrans barədə daha əhatəli bəhs edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.