Camal Kaşıkçının qətl komandasının “beyni” və planın icraçısı məlum oldu - FOTO
23-10-2018, 20:18

Türkiyənin "Sabah” qəzeti jurnalist Camal Kaşıkçının ölüm əmrini verən və planı hazırlayan şəxsin şəxsiyyətini üzə çıxarıb və onun fotolarını əldə edib.
Sfera.az xəbər verir ki, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın yanında Baş Kəşfiyyat rəisi müavini kimi işləyən Əhməd Asiridən qətl əmrini və planını alaraq həyata keçirən şəxs baş konsulluqda attaşe vəzifəsində çalışan Əhməd Abdulla Əlmuzainidir. Konsulluq saytının məlumatına görə, o, 2015-ci ilin 11 sentyabrında attaşe olaraq fəaliyyətə başlayıb. Ancaq əsl vəzifəsi kəşfiyyat şöbəsi rəisidir.
"Sabah” qəzetinin əldə etdiyi məlumatlara görə, Əlmuzaini 28 sentyabrda Kaşıkçının görüş üçün gəldiyi gün İstanbul Baş Konsulluq binasında idi. Kaşıkçının 2 sentyabrda görüş vaxtı alıb Londona uçmasından sonra Almuazini də 19 sentyabrda Sabiha Gökçən aeroportundan təyyarə ilə uçaraq Ər-Riyada gedib. Riyadda o, vəzifədən təzəcə azad edilmiş Baş Kəşfiyyat rəisi müavini Əhməd Asiri ilə görüşüb. Kaşıkçının qətli üçün gələcək 15 nəfərlik komanda ilə bağlı əmri alan Almuzaini 1 oktyabrda Atatürk aeroportundan kuryer siması ilə İstanbula geri qayıdıb və planı və qətl əmrini baş konsul Məhəmməd əl Uteybəyə çatdırıb. Kaşıkçının yoxa çıxdığı günün axşamı 21:35-də Atatürk aeroportundan Ər-Riyada uçub. Əlmuzainin 15 nəfərlik komanda ilə Ər-Riyadda iclas keçirəcəyi bildirilir. Əlmuzaini "əməliyyatın beyni” kimi göstərilir. Əlmuzainin baş konsul Məhəmməd əl Uteybə kimi Türkiyəyə geri qayıtmayacağı bildirilir.
Almuzainin daşıdığı sirlərlə ölkəsinə qayıtdığı qeyd olunur.
Əhməd Abdulla Əlmuzainin 15 nəfərlik qətl komandasından azad fəaliyyət göstərməsi, komanda üzvləri ilə eyni təyyarəyə minməməsi əməliyyatın təhlükəsizliyini təmin etməyə yönəlik tədbir kimi qiymətləndirilir.
Baş Kəşfiyyat rəisi müavini Əhməd Asiri vəliəhd şahzadə Məhəmməd bin Salmanın "beyni”, komanda lideri polkovnik Mahir Əbdüləziz Mütrəb isə şahzadənin "sağ əli” kimi tanınır.


