Kuba ordusu Suriyaya girdi – Dünya müharibəsi
16-10-2015, 00:08
Kuba ordusunun xüsusi təyinatlıları Rusiyaya dəstək vermək üçün bir müddət əvvəl Suriyaya gəlib. Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “Fox News” telekanalının Mayami Universitetinin Kuba-Amerika İşləri İnstitutundan əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, kubalı əsgərlər Dəməşq rejiminə bağlı birliklərə hərbi təlim verəcək və Rusiya istehsalı olan tanklardan istifadəyə kömək edəcək. Kubalı əsgərlərə general Leopoldo Cintra Friasın rəhbərlik etdiyi deyilir. Onların Suriyaya dəqiq nə vaxt gəldiyi barədə isə məlumat verilməyib.
Xəbərə görə, adının açıqlanmasını istəməyən yüksək vəzifəli amerikalı səlahiyyətli də kəşfiyyat hesabatlarına istinad edərək kubalı əsgərlərin Suriyada olduğunu təsdiqləyib. Səlahiyyətli kubalı əsgərlərin Rusiyada təlim aldıqdan sonra Suriyaya gətirilə biləcəyini qeyd edib.
Mayami Universitetinin Kuba-Amerika İşləri İnstitutunun direktoru Ceym Suçliki qeyd edib ki, bir ərəb zabiti kubalı əsgərləri daşıyan iki rus təyyarəsinin Dəməşq aerodroma endiyini söyləyib. Ərəb zabit kubalı əsgərlərin rus tankları üzrə mütəxəssis olduqlarını əlavə edib.