İŞİD ƏFQANISTANDA BAŞ QALDIRDI: Talibanla atışdı, ölənlər var, əhali qaçqına çevrildi
28-03-2019, 21:18

İŞİD-in Suriyada qəsb elədiyi torpaqlar PKK/YPG-yə təhvil veriləndən sonra işğal ssenarisinin Əfqanıstan mərhələsi başlandı
Hurriyyet.org xəbər verir ki, Əfqanıstanda “Taliban” üzvləri ilə İŞİD terrorçuları arasında döyüşlər olub. Atışma nəticəsində 17 nəfər İŞİD terrorçusunun öldüyü, 15 nəfərinin yaralandığı və 2 nəfər Taliban üzvünün öldüyü, 10 nəfərinin isə yaralandığı bildirilir.
Toqquşma Əfqanıstanın şərqində yerləşən Kunar vilayətinin Çapadərə rayonunda baş verib.
Çapadere rayon rəhbərliyi döyüşlər nəticəsində indiyə qədər Talibanın nəzarəti altında olan Dere-i Nanqlam və Dere-i Digel bölgələrinin İŞİD terrorçularının əlinə keçdiyini, 2 min ailənin bölgəni tərk eləmək məcburiyyətində olduğunu bildirib.
Xatırladaq ki, 2017-ci ilin dekabrında Rusiya açıqlama verərək, Əfqanıstanda 10 min civarında İŞİD yaraqlısının olduğunun təxmin edildiyini, Suriya və İraqdan qaçan terrorçuların gəlməsi ilə bu rəqəmin daha da artdığını bildirmişdi.
Əfqanıstanın keçmiş dövlət başçısı Həmid Karzai isə həmin dövrdə, yəni 2017-ci ildə verdiyi açıqlamada ölkəsindəki İŞİD terror təşkilatının varlığının ABŞ layihəsi olduğunu demiş, İŞİD üzvlərinin hamısının xarici ölkələrdən bəzi məqsədlər üçün gətirildiyini və terror təşkilatının ABŞ tərəfindən dəstəkləndiyini bildirmişdi.