Rusiya mühasirəyə alınır: NATO təlimi, yeni sanksiya...
5-04-2019, 08:59

NATO-Rusiya münasibətlərini əsas gərginləşdirən durum Ukrayna müharibəsidir. Krımın ilhaqı, Donbasın işğalı mövcud durumu dalana salır. Dalandan çıxmaq üçün isə gərək Rusiyada mövcud rejim dəyişsin. Bu olmayana qədər məlum vəziyyəti yumşaltmaq, daha müsbətə dəyişmək mümkünsüz görünür.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, NATO-Rusiya qarşıdurması yeni fazaya keçir:
“Doğrudur, NATO-SSRİ qarşıdurmasından fərqli olaraq, hələ ki, vəziyyət daha az gərgindir. Digər tərəfdən, alyans NATO-SSRİ qarşıdurması dönəmində olduğu səviyyədə monolit deyil. Almaniya, Fransa, İtaliya Rusiya ilə nə iqtisadi, nə siyasi əlaqələri kəsmək fikrindədir, əksinə, əlaqələr daha da genişləndirilir. Rus qazının Avropaya ixracı və müxtəlif layihələr üzərində işlənilir. Avropa rus qazından hələ də asılıdır”.
Politoloq qeyd edib ki, Tramp prezident seçiləndən ABŞ-Avropa Birliyi münasibətləri gərginləşib:
“Böyük Britaniya və Avropa Birliyi arasında Breksit məsələsi, ABŞ-Britaniya münasibətlərini də əlavə etsək, Qərb blokunda olan bütün fikir ayrılıqlarından Rusiya maksimum öz xeyrinə istifadə etməyə çalışır. Ancaq bütün bunlara rəğmən NATO-Rusiya münasibətləri istər-istəməz mənfiyə doğru gedir. Rusiya ilə sərhəddə geniş hərbi təlimlər keçirilə və bu ölkəyə yeni sanksiyalar tətbiq oluna bilər. Rus şirkətlərinin, biznesmenlərinin və bəzi siyasilərin yeni sanksiyalara məruz qalma ehtimalı da var. Rus qazına alternativ qaynaqlar axtarılmaqda davam edir”.