1 milyon dollara teledebat! - Ukrayna MSK-sı maliyyələşdirməkdən imtina etdi
6-04-2019, 09:04

Ukraynada prezident seçkisinin ikinci turunda namizədlərin teledebatı ilə bağlı ziddiyyətli mənzərə yaranıb. Xəbər verildiyi kimi, hazırkı prezident Pyotr Poroşenko ilə aktyor Vladimir Zelenski Kiyevin “Olimpiyski” stadionunda debat keçirmək barədə razılığa gəliblər.
Teledebat istəyi ilk olaraq, Poroşenko tərəfindən irəli sürülmüş, ancaq ilk mərhələdə Zelenskinin nümayəndələri bundan imtina etmişdilər. Lakin sonradan Zelenski belə bir qarşıdurmadan qaçmaq niyyətində olmadığını bildirmiş, müəyyən şərtlər daxilində teledebata hazır olduğunu demişdi. Şərtlərə namizədlərin alkoqol və narkotrik asılılığı ilə bağlı tibbi müayinədən keçməsi və debatın stadionda keçirilməsi kimi məsələlər aid edilmişdi.
Poroşenko şərtlərin əksəriyyəti ilə razılaşaraq, həm tibbi müayinədən keçmiş, həm də debatın stadionda keçirilməsinə razılıq vermişdi. Artıq hər iki namizəd tibbi müayinədən keçib və ilkin nəticələr Poroşenkonun “təmiz çıxdığını” göstərib. Zelenskinin nəticələri isə 3 gün ərzində açıqlanacaq.
Debatın məhz stadionda keçirilməsi ilə əlaqədar isə müəyyən çətinliklər meydana çıxıb. Belə ki, bu debatın təşkilinə 1 milyon dollara yaxın vəsait ayrılmasına ehtiyac yaranıb. Stadionun icarəsi, müvafiq səhnənin quraşdırılması, texniki təminat, təhlükəsizliyin təmin edilməsi və digər xidmətlər hesablandıqdan sonra ortaya 1 milyon dollara yaxın rəqəm çıxıb. Lakin ölkənin Mərkəzi Seçki Komissiyası bu vəsaiti ödəməkdən birmənalı olaraq, imtina edib. MSK rəhbəri bunu onunla əsaslandırıb ki, seçki qanunvericiliyində debatların yalnız televiziya studiyalarında keçirilməsi nəzərdə tutulur. Və deməli, stadion ideyasını kimlər irəli sürüblərsə, xərci də onlar özləri çəkməlidirlər.
Poroşenko MSK-nın qərarına hörmətlə yanaşdığını və xərcin yarısını ödəməyə hazır olduğunu bildirib. Bu da azmış kimi, prezident hətta bir yox, bir neçə debat keçirilməsinin tərəfdarı olduğunu deyib. Zelenski isə hələ ki, məsələ ilə bağlı mövqeyini açıqlamayıb.
Bu arada “qara bazarda” artıq bu debata bilet satan fırıldaqçılar da peyda olub. Biletlərin qiyməti 5 dollardan 70-80 dollara qədər dəyişir. Lakin polis belə təkliflərə aldanmamağa çağırır və fırıldaqçıları yaxalamağa çalışır./azpolitika.info/