Avropa Facebook və Google kimi nəhəngləri sıxışdırır -Tereza Mey xəbərdarlıq etdi
9-04-2019, 12:20

Avropada Facebook və Google kimi texnologiya nəhənglərinə təzyiq artır. Ölkələr onların terrorçu təbliğatı, uşaq pornoqrafiyası kimi kontenti bloklaması üçün daha sərt qaydalar təklif edir.
“The Associated Press” agentliyi yazır ki, Britaniya sosial mediaya nəzarət qurumu yaratmağa çağırır. İlk dəfə yaradılacaq bu qurum şirkət rəhbərlərini cərimələyə, yaxud özlərini qadağan edə bilər. Avropa Birliyinin parlament komitəsinin təsdiqlədiyi qanun layihəsi isə internet şirkətlərinin terrorçuluqla bağlı materialı silməsi üçün bir saat vaxt qoyur, əks halda onların üzləşəcəyi cərimə milyardlarla ölçülə bilər.
“Bu şirkətləri öz hərəkətlərini birdəfəlik təmizləməyə məcbur edirik”, – Britaniyanın Daxili işlər naziri Sacid Cavid bildirib. Opponentlər isə xəbərdarlıq edirlər ki, Britaniya və AB-nin atdığı addımlar innovasiyanı boğa, texnologiya nəhənglərinin dominantlığını gücləndirə bilər. Çünki daha kiçik şirkətlərin bu qaydalara əməl etməyə pulu olmayacaq. Üstəlik, onların mövqeyincə, Google və Facebook veb senzorlarına çevrilə bilərlər.
İllik dövriyyənin 4 faizinədək cərimə
Böyük şirkətlərin kontentə görə məsuliyyət daşıması məsələsi Yeni Zelandiyada məscidlərə hücumlarda 50 nəfərin öldürülməsindən sonra daha qızğınlıqla müzakirə olunmağa başlanıb. Martın 15-də törədilmiş hücum 17 dəqiqə ərzində internetdə canlı yayımlanıb. Facebook bildirir ki, hadisədən sonrakı 24 saat ərzində hücumlarla əlaqəli 1,5 milyon videonu silib.
Britaniyanın planı Facebook və Twitter kimi sosial media şirkətlərindən istifadəçiləri “ziyanlı kontent”dən qorumağı tələb edir. “Bunu əvvəl heç vaxt etməyib və bunu yoluna qoymağımız vacibdir”, – Mədəniyyət naziri Ceremi Uright BBC-yə deyib. Facebookun Britaniyada ictimai siyasət rəhbəri Rebeka Stimsonun fikrincə, yeni qaydalar həm cəmiyyəti qorumalıdır, həm də innovasiya və söz azadlığını dəstəkləməlidir.
Britaniya AB-nin onlayn datanın gizlilik qanununa uyğun maliyyə cərimələri qoymağı nəzərdən keçirəcək. Bu qanun şirkətin illik dövriyyəsinin 4 faizi həcmində cəriməyə imkan verir, Wright deyib. Bəzi hallarda hökumət şirkət direktorlarını cərimələməyi, şirkətlərin Britaniyada fəaliyyətini əngəlləməyi də nəzərdən keçirə bilər.
Baş nazir Tereza Mey isə texnologiya şirkətlərinə xəbərdarlıq edib. “Uzun müddətdir bu şirkətlər istifadəçiləri, özəlliklə uşaqları və gəncləri ziyanlı kontentdən qorumaqdan ötrü yetərincə çalışmırlar”, – o, bəyanatında deyib.
Yeni qaydaları alqışlayanlar az deyil. Uşaqlara qarşı Qəddarlığın Önlənməsi üzrə Milli Cəmiyyətin rəhbəri Peter Vanless deyir ki, “uzun zaman sosial şəbəkələr uşaqların təhlükəsizliyini önə çəkməyib, onları sui-istifadəyə, zərərli kontentə məruz qoyub”. “Onların uşaqları qorumaqdan ötrü hüquq çərçivəsində hərəkətə keçməyə məcbur edilməsi, əks halda nəhəng cərimələr ödəməsinin vaxtı çoxdan çatıb”, – o, sözlərinə əlavə edib. (azadliq.org)