Almaniya suriyalılara qarşı siyasətini dəyişir
30-04-2019, 00:10

Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) bir qayda olaraq qərar qəbul edən zaman sığınacaq axtaran şəxsin gəldiyi ölkədəki vəziyyəti nəzərə alır. Bu zaman Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyinin tövsiyyələri və hesabatları diqqətdə saxlanılır. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, BAMF son həftələr ərzində Suriyadan olan və özünü qaçqın kimi təqdim edən bütün sığınacaq axtaran şəxslərin sığınacaq haqqında müraciətlərinə rədd cavabı verir.
Bu barədə alman mətbuatı da məlumat yayıb. Bu məlumatlarda Suriyadakı vəziyyəti əsas gətirməklə qaçqın statusu almaq üçün müraciət edənlərdən bəhs olunur. Mətbuatda bildirilir ki, mart ayının ortalarından başlayaraq BAMF daxili qaydalarında Suriyada təhlükəsizlik məsələsinə münasibətini dəyişib. Məmurlar konkret olaraq Suriyadaki vəziyyətə münasibət bildirmədən müraciətlərə rədd cavabı verirlər.
Almaniya XİN- nin Suriya haqqında son hesabatı 2018-ci ilin noyabr ayında dərc edilib və həmin hesabatda Suriyanın hər bir ərazisində təhlükəsiz yaşamaq üçün stabilliyin təmin olunmadığı göstərilib.
2018-ci ilin noyabr ayında eyni zamanda federal ərazilərin prezidentlərinin iştirakı ilə qərar qəbul edilmişdi ki, bu ilin noyabr ayına kimi suriyalılar qaytarıla bilməz.
2018-ci ildə Almaniyada 18245 suriyalı qaçqın statusu, 17 min nəfər isə humanitar əsaslarla müvəqqəti yaşamağa icazə alıb.