Tramp ABŞ-ın BMT yanında yeni daimi nümayəndəsi vəzifəsinə Kelli Kraftın namizədliyini irəli sürüb
3-05-2019, 07:07
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Kanadadakı səfiri Kelli Kraftın BMT yanında daimi nümayəndə kimi namizədliyini baxılması üçün Senatın müzakirəsinə təqdim edib.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
Qeyd edilir ki, onun namizədliyi daha əvvəl də ölkənin BMT yanında daimi nümayəndəliyinə irəli sürülüb.
İndi Senatın Xarici İşlər üzrə Komitəsi Kraftın çıxış edəcəyi dinləmələrin tarixini müəyyən edəcək. Bundan sonra komitənin üzvləri Kraftın namizədliyinin təsdiq edilib-edilməməsi məsələsinə baxacaqlar. Daha sonra Konqresin Yuxarı palatasında son səsvermə keçiriləcək.
Daha əvvəl mənbələrə istinadən "Bloomberg" agentliyi Trampın ABŞ-ın BMT yanında daimi nümayəndə vəzifəsinə dörd nəfərin namizədliyinə baxması barədə məlumat yayıb.
Agentlik eyni zamanda bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin nümayəndəsi Hizer Nauerti Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd seçib.