MEKSİKADA «APOKALİPSİS»
2-07-2019, 07:59

Bu gün səhər saatlarında Qvadalaxar sakinləri (Meksika) 31 dərəcəyə çatan istidən həzz aldıqları bir zamanda, qəflətən qeyri-adi hadisə ilə qarşılaşıblar.
Meksikanın əhalisi ən sıx yaşayan şəhərlərindən birinə görünməmiş gücdə dolu düşüb. O, küçələri nəhəng buz qatı ilə örtüb. Bəzi yerlərdə buz qatının hündürlüyü 2 metrə qədər yüksəlib («Quardian»).
Təbii fəlakət ən azı, 6 rayonu əhatə edib – dolu yollarda nəqliyyatı altına alıb və 200-ə yaxın evi zədələyib.
Ştatın qubernatoru Enrike Alfredo baş verənləri inanılmaz adlandırıb. Onun sözlərinə görə, yerli sakinlər iqlim dəyişməsi barədə ciddi düşünməyə başlayıblar.

«Mən, Qvadalaxarda belə şey görməmişəm. Biz, özümüzə sual veririk: iqlim dəyişikliyi realdırmı? Bu, əvvəllər qarşılaşmadığımız təbiət təzahürüdür. Ağılasığmazdı!» – qubernator bildirib.
Hələ ki, təəccüblənmiş uşaqlar qartopu oynamaq imkanından istifadə etdikləri bir vaxtda, şəhər hakimiyyəti küçələri buz (qar) topalarından təmizləmək üçün hətta hərbçiləri də cəlb ediblər.
Hələlik, zərərçəkənlər barədə məlumat yoxdur, amma iki nəfərdə donmanın ilk əlamətləri müşahidə olunub.
AzPolitika.info